“The Wall Street Journal”ın (WSJ) məlumatına görə, İlon Maskın “SpaceX” şirkəti yeni nəsil raketdən müdafiə sistemi “Qızıl Günbəz” layihəsi üçün ayrılan vəsaitlərdən azı 2 milyard dollar alacaq.
Mənbələrin bildirdiyinə görə, “SpaceX” raketləri və təyyarələri izləyə bilən 600 ədəd peyk hazırlayaraq kosmosa çıxarmalıdır. Şirkət, həmçinin Pentaqonun iki digər peyk sistemində əsas rol oynayacaq.
Pentaqon “SpaceX”in layihədə iştirakını şərh etməyib, şirkət isə jurnalistlərin sorğusuna cavab verməyib.
Donald Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan bir neçə gün sonra “Qızıl Günbəz” sisteminin yaradılması barədə fərman imzalayıb. Yeni raketdən müdafiə sistemi ABŞ ərazisini “ballistik, hipersəs və qanadlı raketlərdən, eləcə də digər müasir hava hücum vasitələrindən” qorumağı hədəfləyir.


 
                                    





