“Mastercard” ödəniş sistemi bu yaxınlarda rəqəmsal məkanda ID-verifikasiya ilə məşğul olan “Ekata” startapını alıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, əməliyyatın məbləği 850 milyon dollar təşkil edib.
Startap ABŞ-ın Sietl şəhərindən olan sahibkar Aleks Alqard tərəfindən 2019-cu ildə qurulub (əvvəlcə şirkətin adı “Whitepages Pro” olub). “Gənc yaxşına” baxmayaraq, layihənin “Lyft” taksi aqreqatoru və Amerikanın “Stripe” ödəniş xidməti daxil olmaqla 2 mindən çox müştərisi var. “Ekata” dünyanın 230-dən çox ölkəsində fəaliyyət göstərir və şirkətlərə fırıldaqçıları müəyyən etməyə kömək edir.
Startapın veb-saytında bildirildiyi kimi, ödəniş sistemlərində saxta hesabların yaradılmasının qarşısı alınır ki, bu da fırıldaqçı əməliyyatların sayını azaltmağa imkan verir. Layihə əməliyyat həyata keçirən istifadəçinin şəxsiyyətini real vaxtda təsdiq edə biləcək texnologiyalar təqdim edir. Maşın öyrənməsi və patentləşdirilmiş məlumat bazasının köməyi ilə “Ekata” saxtakarlıq ehtimalını hesablayır. Əldə edilən məlumatlara əsasən bu və ya digər istifadəçinin həyata keçirdiyi əməliyyatın daha dəqiq yoxlanılması baş verir.
Qeyd edildiyi kimi, “Mastercard” və “Ekata” arasındakı əməkdaşlığın əsas səbəbi müasir dünyada elektron pul əməliyyatlarının təhlükəsizliyini artırmaqdır. Startap nümayəndələri həmçinin bu əməkdaşlığın cinayətkarların platformadan istifadə etməsini daha effektiv şəkildə qarşısını almağa kömək edəcəyini vurğulayıblar.