Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın deputat mandatına xitam verilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mehriban Əliyevanın deputat mandatından məhrum edilməsi üçün müraciətinə baxılıb.
MSK sədri Məzahir Pənahov deyib ki, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib: “Onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edirəm. O ardıcıl olaraq, üç dəfə Milli Məclisə deputat seçilib. Mehriban Əliyeva öhdəsinə düşən işləri yüksək səviyyədə yerinə yetirib, Azərbaycan parlamentinin ən fəal deputatı kimi tanınıb. Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır”.
İclasda M.Əliyevanın deputat mandatına xitam verilməsi üçün qərar qəbul edilib.
Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu ilin fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə isə M.Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.