Meksika prezidenti Klaudiya Şeynbaum qitənin şimal hissəsi üçün “Meksika Amerikası” adından istifadə etməyi təklif edib. Yanvarın 8-də keçirilən mətbuat konfransında o, 1607-ci ilə aid bir xəritəni göstərib. Xatırladaq ki, bir gün əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılmasını təklif edib.
“Axios” qeyd edib ki, xanım Şeynbaumun xəritədə göstərdiyi ərazilər 1846-1848-ci illər müharibəsindən sonra ABŞ tərəfindən alınıb və əvvəllər İspaniya koloniyaları olub. Sülh müqaviləsinə əsasən, Meksika öz ərazilərinin təxminən yarısını itirib: Arizona, Kaliforniya, Nevada, Nyu-Meksiko, Texas, Yuta və başqaları.
Bundan əvvəl Donald Tramp Panama kanalının təhvil verilməsi ilə bağlı Panama ilə danışıqlar apardığını və Qrenlandiyaya nəzarət etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməkdən imtina etdiyini bildirmişdi. Panama Xarici İşlər Nazirliyi danışıqların mövcudluğunu inkar edir.