Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.
Banker.az Agentliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Meksika tərəfi Azərbaycana “Bachoco Ticarət Cəmiyyəti A.Ş.C.V”-nin quş əti məhsullarının ixracında maraqlı olduqlarını bildirib. Mikrobioloji, kimyəvi-toksikoloji və radioloji göstəricilərə dair Azərbaycanda qüvvədə olan qaydalar, sanitariya və ya baytarlıq tələbləri, quş əti məhsullarının ixracı üçün riayət olunacaq və ixrac edən müəssisənin qeydiyyatından ötrü yerinə yetirilməli prosedurlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə idxal və ixrac məsələlərində konkret nəticələr əldə etmək üçün AQTA ilə Meksika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Kənd Təsərrüfatı Mallarının Keyfiyyəti, Təhlükəsizliyi və Sağlamlığı üzrə Dövlət Xidmətinin (SENASICA) əməkdaşlarından ibarət işçi qrupun yaradılması təklif olunub.