Almaniya markası “Mercedes-Benz” Azərbaycandakı rəsmi idxalçısı və distribüteri ““Avtokapital-Azərbaycan” MMC 2025-ci ili 5,63 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildəki 7,12 milyon manatla müqayisədə 20,9% azdır.
Banker.az xəbər verir ki, şirkətin bölüşdürülməmiş mənfəəti ilin sonunda 55,9 milyon manata çatıb ki, bu da əvvəlki ilin sonundakı 50,27 milyon manatla müqayisədə 11,2% artım deməkdir.
Şirkətin satış gəlirləri 2025-ci ildə 34,8% artaraq 89,03 milyon manatdan 119,97 milyon manata yüksəlib. Bu arada bunun təkcə 112 milyon manatı (2024: 80.85 mln. manat) avtomobil satışından əldə edilib. Qalan 6.74 mln. manatı ehtiyat hissə satışından və 1.22 mln. manatı isə təmirdən əldə edilib.
Satışın maya dəyəri 32,6% artaraq 98,99 milyon manat olub, nəticədə ümumi mənfəət 45,8% artımla 20,98 milyon manata çatıb. Satış və dağıtım xərcləri 1,6% azalaraq 3,78 milyon manat, inzibati xərclər isə 26,8% artaraq 2,61 milyon manat təşkil edib. Digər əməliyyat xərcləri 172,3% artaraq 2,44 milyon manata yüksəlib. Buna baxmayaraq, xalis əməliyyat mənfəəti 55,3% artaraq 12,76 milyon manat olub. Maliyyə xərclərinin 303,6% artaraq 4,93 milyon manata çatması və maliyyə gəlirlərinin 88,6% azalaraq 169 min manata düşməsi fonunda vergidən əvvəlki mənfəət 5,5% azalaraq 8,01 milyon manat təşkil edib. Maliyyə xərclərinin 3,66 milyon manatı məzənnə fərqlərinin payına düşüb.
2025-ci ilin sonunda “Autocapital-Azerbaijan”ın cəmi aktivləri 0,3% azalaraq 95,73 milyon manat, cəmi öhdəlikləri 13,7% azalaraq 37,65 milyon manat olub. Kapital isə 10,7% artaraq 58,08 milyon manata çatıb. Pul və pul ekvivalentləri 89,6% artaraq 14,6 milyon manata, debitor borcları 255% artaraq 6,68 milyon manata yüksəlib. Kreditor borcları 75,3% azalaraq 1,21 milyon manata, mal-material ehtiyatları isə 36,2% azalaraq 24,16 milyon manata düşüb. Cari aktivlər 6,6% azalaraq 50,82 milyon manat, uzunmüddətli aktivlər 7,9% artaraq 44,91 milyon manat olub.
Şirkətin cari öhdəlikləri 2025-ci ildə 15,4% azalaraq 35,51 milyon manata düşüb, uzunmüddətli öhdəlikləri isə 31,8% artaraq 2,15 milyon manata yüksəlib. Borcların həcmi 11,3% azalaraq 27,33 milyon manat olub. Hesabatda bu borcun ortaq nəzarət altında olan əlaqəli tərəfdən cəlb edilmiş kreditlə bağlı olduğu göstərilir.
Xatırladaq ki, “Autocapital-Azərbaycan” MMC 5 sentyabr 2012-ci ildə yaradılıb. Şirkətin daxil olduğu qrupun əsas fəaliyyəti “Mercedes-Benz” avtomobillərinin idxalı, pərakəndə və topdan satışı, marketinqi, brend təmsilçiliyi, həmçinin texniki və zəmanət xidmətləri daxil olmaqla satışsonrası xidmətlərin göstərilməsidir. Şirkətin 2,179 milyon manatlıq nizamnamə kapitalı tam şəkildə Kiprin “Avtocapital Investments” LTD şirkətinə məxsusdur. Qrupun son ana şirkəti “UKRAVTO Group” MMC-dir. “Autocapital-Azerbaijan”ın konsolidasiya edilən törəmə müəssisəsi “Abşeron Avtomobil Mərkəzi” MMC-də payı 99,9%-dir. Qrupda çalışanların sayı 2024-cü ilin sonundakı 108 nəfərdən 2025-ci ilin sonunda 114 nəfərə yüksəlib.







