Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorlarının sayı 4-dən 6-ya çatdırılıb.
Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bunlar qurumun ləğv edilmiş Bazar əməliyyatları və Risklərin idarə edilməsi departamentlərinin direktorları Əli Əhmədоv və Toğrul Əliyevdir.
Əli İsmayıl oğlu Əhmədov –
- 1982-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
- 2004-cü ildə Türkiyə Cumhuriyyətinin Qazi Universitetini “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-ın Corciya dövlət universitetinin birgə proqramı olan “Biznesin idarə olunması” ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini “Dövlət siyasəti” üzrə beynəlxalq magistr dərəcəsi ilə bitirmişdir.
- Əmək fəaliyyətinə Mərkəzi Bankda 2004-cü ilin avqust ayında Monetar siyasət departamentinin Monetar təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçı vəzifəsində başlamışdır. 2005-ci ilin iyul ayında İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Maliyyə proqramlaşması şöbəsində iqtisadçı vəzifəsinə təyin edilmişdir.
- 2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləmişdir.
- 2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsində böyük analitik vəzifəsində, 2013-cü ilin avqust ayınadək isə həmin departamentin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir.
- 2013-cü ilin avqust ayından 2014-cü ilin iyun ayınadək ABŞ-ın Cons Hopkins Universitetində təhsil almışdır.
- 2014-2015-ci illərdə Mərkəzi Bankda Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin iyun ayından həmin departamentin direktor müavini – Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində, 2016-cı ilin aprel ayından 2020-ci ilin yanvar ayınadək Bazar əməliyyatları departamentinin direktoru vəzifəsində işləmişdir.
- 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
- 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
- Ailəlidir, 2 övladı var.
Toğrul Nəcəfəli oğlu Əliyev –
- 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
- 2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsilə bitirmişdir.
- 2019-cu ildən Böyük Britaniyanın Şeffild Universitetində “Biznesin idarə edilməsi – EMBA” ixtisası üzrə təhsil alır.
- Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində başlamış, məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır.
- 2008-2009-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Pulların yuyulmasına qarşı fəaliyyət şöbəsində böyük mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirmişdir.
- 2009-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində Məlumatların emalı şöbəsinin rəisi vəzifəsində işləmişdir.
- 2012-ci ilin aprel ayında Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
- 2013-2019-cu illərdə Mərkəzi Bankın Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsinə işləmişdir.
- 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
- Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, bu günlərdə AMB-nin strukturu dəyişib. Bununla bağlı artıq banker.az-da bir neçə məlumat yerləşdirilib.