7 C
Baku
Thursday, December 12, 2024

​Mərkəzi Bank rəsmisi: “Problemlərin həllində ziyalılarımızın da üzərinə böyük məsuliyyət düşür”

Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Elçin Əliyev 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı məlumat verib.

Banker.azın “Report”a istinadən verdiyi xəbərə görə, o deyib ki, Tədbirlər Planında qarşıya qoyulan vəzifələrdən biri də infrastrukturun genişləndirilməsi və maarifləndirici tədbirlərin aparılması ilə yanaşı, kart sahibləri arasında stimullaşdırıcı tədbirlərin keçirilməsi olub: “Bu baxımdan muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müvafiq addımlar atılıb. Müxtəlif mərhələlərdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş kartları ilə alış- veriş zamanı aparılan əməliyyatlara güzəştlər tətbiq olub. Bunlarla yanaşı, tədbirlər planının icra müddəti ərzində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin birgə aparmış olduqları tədbirlərin nəticəsi kimi muxtar respublikada nağdsız ödənişlər istiqamətində seçilmiş vətəndaşlara hədiyyələr verilmişdir. Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nağdsız ödəniş həcminin artımına öz təsirini göstərib.

E.Əliyev qeyd edib ki, əgər 2014-cü ilin yanvar ayında muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 246 min manat təşkil edirdisə, bu göstərici 2015-ci ilin noyabr ayında 2 milyon 146 min manat olub: “Ümumilikdə, tədbirlər planında nəzərdə tutulmuş müddət ərzində nağdsız ödəniş dövriyyəsi 29 milyon 152 min manata çatıb. 2014-cü ilin yanvar-dekabr aylarında muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların 8 milyon 931 min manatı quraşdırılmış POS-terminallar vasitəsilə, 3 milyon 582 min manatı isə internet və digər ödəniş sistemləri vasitəsilə həyata keçirilib. 2015-ci ilin yanvar-noyabr aylarında isə muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 16 milyon 639 min manat təşkil etmişdir ki, bunun da 9 milyon 778 min manatı quraşdırılmış POS-terminalların, 6 milyon 861 min manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb. İnfrastrukturun genişləndirilməsi, institusional mühitin formalaşdırılması və stimullaşdırma tədbirlərinin mütəmadi şəkildə aparılmasına baxmayaraq, bu sahədə çatışmazlıqlar da özünü büruzə verməkdədir. Bu isə ictimaiyyətin hələ də nağdsız ödənişlərə tam olaraq üstünlük verməməsindən irəli gəlir. Və hələ də bankomatların qarşısında nağd pul çəkmək üçün növbələrin yarandığını müşahidə etmək mümkündür. Bankomatdan, sadəcə, nağd pul çəkmək üçün istifadə edən vətəndaşlarımız isə kifayət qədərdir. Halbuki bankomat adlanan bu ödəniş aləti, əslində, bir çox nağdsız əməliyyatları həyata keçirməyə də imkan verir. Bütün bu problemlərin həllində ziyalılarımızın da üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətdə hər zaman fikirlərinə böyük rəğbət göstərilən ziyalılarımızın və bu istiqamətdə tədbirlər planında üzərinə vəzifə qoyulan bütün digər strukturların birgə fəaliyyəti nəticəsində gələcək müddət ərzində böyük uğurlara nail olmaq mümkündür”.

Son xəbərlər
Digər xəbərlər