Meta Platforms öz məlumat mərkəzlərinin hesablama güclərini Anthropic PBC şirkətinə təqdim etmək üçün ilkin danışıqlar aparır. Bloomberg vəziyyətlə tanış mənbələrə istinadən xəbər verir ki, bu sövdələşmə sosial şəbəkə şirkəti üçün süni intellekt (Sİ) infrastrukturuna irimiqyaslı investisiyalar əsasında qurulan yeni biznes istiqamətinə çevrilə bilər.
Danışıqlar barədə ilk məlumat verən The New York Times-ın məlumatına görə, potensial razılaşmanın dəyəri iki il ərzində 10 milyard dollaradək ola bilər. Bloomberg-in mənbələri qeyd ediblər ki, müzakirələr ilkin mərhələdə olduğundan sövdələşmənin şərtləri dəyişə bilər. Meta və Anthropic-in mətbuat xidmətləri şərh verməkdən imtina ediblər.
Bloomberg daha əvvəl iyul ayında bildirmişdi ki, Meta bulud biznesini işə salmaq planları üzərində işləyir. Buraya hesablama güclərinin üçüncü tərəf şirkətlərinə icarəyə verilməsi və öz infrastrukturu üzərində yerləşdirilən Sİ modellərinə çıxışın satılması imkanları daxildir. Bu model Amazon Web Services-in Bedrock xidmətinə bənzəyir.
Meta-nın rəhbəri Mark Zukerberq Bloomberg-ə müsahibəsində təsdiqləyib ki, şirkət hazırda bütün hesablama güclərindən daxili layihələr üçün istifadə edir, lakin daxil olan təkliflər səbəbindən onları icarəyə vermək imkanını nəzərdən keçirir.
“Hesablama güclərindən istifadəyə görə aldığınız təkliflər o qədər yüksəkdir ki, bəzi hallarda onları daxili ehtiyaclar üçün istifadə etmək əvəzinə icarəyə vermək daha məqsədəuyğun ola bilər”, – deyə Zukerberq bildirib.
Anthropic son aylarda üçüncü tərəf təchizatçıları ilə tərəfdaşlıqlar hesabına hesablama güclərini fəal şəkildə artırır. May ayında şirkət bir neçə məlumat mərkəzindən hesablama gücü əldə etmək üçün İlon Maskın SpaceX şirkəti ilə üç il müddətinə təxminən 45 milyard dollarlıq razılaşma bağlayıb, həmçinin Akamai Technologies bulud provayderi ilə 1,8 milyard dollarlıq ayrıca müqavilə imzalayıb.
Günün əvvəlində təxminən 6% ucuzlaşan Meta səhmləri Anthropic ilə danışıqlar barədə xəbərin yayılmasından sonra itkilərinin bir hissəsini bərpa edib. Nyu-York vaxtı ilə saat 13:30-a olan məlumata görə, səhmlər təxminən 2,5% ucuzlaşma ilə ticarət olunub.







