Avqustun ilk 9 günü ilə ayın 15-dən sonrakı uyğun dövrü ilə aparılmış müqayisəyə əsasən, Qırmızı xəttin “28 May-Əhmədli” sahəsində sərnişin gedişlərinin sayında 14.9 faiz, Yaşıl xəttin “Dərnəgül-Nizami” sahəsində isə 49 faiz azalma müşahidə olunub.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilib ki, xətlərin ayrılması layihəsinin sərnişindaşımaya təsirinin qiymətləndirilməsi məqsədilə müvafiq statistik məlumatların müqayisəli təhlili davamlı aparılır.
“Mövcud məlumatlar xətlərin ayrılmasından əvvəlki dövr, habelə bir il əvvəlin eyni dövrü ilə müqayisə edilir”, – deyə qeyd edilib.
Məlumatda bildirilib ki, sərnişindaşımada mövsümi amillər xüsusi rol oynayır:
“Belə ki, ötən illərdə sərnişin axını iyul–avqust aylarında azalan tendensiya müşahidə olunur. Qeyd edilənlərə əsasən 2025-ci və 2026-cı illərin avqust aylarının müvafiq dövrlərinin müqayisəsində hazırda təxminən 21 faiz aşağı nəticə qeydə alınıb. Bu göstərici xətlərin ayrılması layihəsinin təsiri səbəbindən hazırda qeydə alınan maksimal azalma hesab edilə bilər.
Həmçinin qeyd olunmalıdır ki, Bakı metropoliteninin sərnişindaşıma proqnozları və müvafiq fəaliyyət planları hazırlanarkən xətlərin ayrılması layihəsinin icrası ilə əlaqədar sərnişin axınında baş verə biləcək dəyişikliklər nəzərə alınıb”.







