8 C
Baku
Thursday, December 12, 2024

Metroda sərnişin daşınmadan gəlirlər ilk rübdə 21 mln. manata çatıb

2024-cü ilin birinci rübündə metropolitenin sərnişin daşınmasından gəlirlərinin həcmi 20.82 mln. manata yüksəlib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, Azərbaycanda yeganə metro xidmətini həyata keçirən “Bakı Metropoliteni” QSC-nin gəlirləri illik müqayisədə 12% artıb.

İlk rübdə metro vasitəsilə 53.51 milyon sərnişin daşınıb ki, bu da öncəki ilin analoji dövrünü 1.6% üstələyib.

Dövlətə məxsus olan “Bakı Metropoliteni” QSC öncəki illərdə maliyyə hesabatlarını təqdim etsə də, 2020-ci ildən sonra təqdimat dayanıb.

2020-ci ildə metropolitenin 83.54 mln. manat zərər etdiyi məlum olmuşdu. Şirkətin gəlirlərinin böyük hissəsi amortizasiya xərcləri ilə əlaqəli idi. Metro operatorunun zərərinin bir hissəsi dövlət büdcəsindən ayrılan vəsaitlə təmin edilir. 2023-cü il üzrə dövlət büdcəsinə dair qanunda metropolitenə 38.42 mln. manatlıq vəsait, 2024-cü ildə isə 50 mln. manat vəsait ayrılması nəzərdə tutulub.

Metro daşınması üzrə tariflər Tarif Şurası tərəfindən tənzimlənir. 2023-cü ilin əvvəlindən bir gedişin qiyməti 30 qəpikdən 40 qəpiyə qədər yüksəldilmişdi. 2023-cü ildə qiymətlərin 10 qəpik əlavə artımı metro operatoruna 21.94 mln. manatlıq əlavə gəlir gətirmişdi.

2024-cü ilin ilk rübünün sonuna metroda çalışanların sayı 4 491 nəfər olub ki, bu da 2023-cü ilin eyni dövründən cüzi – 0.3% çoxdur. Bununla belə, işçilərin orta aylıq əməkhaqları illik müqayisədə 18% artaraq 1 293.4 manat olub.

Son xəbərlər
Digər xəbərlər