Metropoliten: Ödənişsiz giriş “20 Yanvar” istiqamətində sıxlığı azaldacaq

“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına girişin ödənişsiz təşkili “20 Yanvar” stansiyasının ətrafında, Moskva prospektində (“Şamaxinka” kimi tanınan ərazidə) nəqliyyat sıxlığını azaltmağa xidmət edir.

Banker.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından tətbiq olunan yeni yanaşmanın məqsədi Sumqayıt, Xırdalan, Masazır və Bakı–Şamaxı yolu istiqamətindən paytaxta gələn sərnişinlərə alternativ hərəkət imkanları yaratmaqdır.

B.Məmmədov qeyd edib ki, Sumqayıt şosesindən gələn sərnişinlər şəhər mərkəzinə əsasən “20 Yanvar” stansiyasının yerləşdiyi ərazidən keçməklə hərəkət edirlər.

“Metropolitenin Yaşıl xətti də “Nizami” stansiyasına qədər eyni trayektoriya üzrə uzansa da, yerüstü nəqliyyatda sıxlıq, metroda isə sərnişin seyrəkliyi müşahidə olunur. Hazırda Bakı Metropoliteninin Yaşıl xəttində 50 faizdən artıq, Bənövşəyi xəttdə isə 35–40 faiz arasında sərnişin azalması müşahidə olunur”, – deyə o bildirib.

Qurum rəsmisi vurğulayıb ki, sərnişinlərin metroya yönəldilməsi bu qeyri-bərabərliyin aradan qaldırılmasına, şəhər mərkəzinə doğru yollarda nəqliyyat yükünün azalmasına müsbət təsir göstərə bilər.

Onun sözlərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müxtəlif istiqamətlərdən təxminən 16 avtobus marşrutunu “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönəldib. Avtobusların stansiyaların yaxınlığında dayanması sərnişinlərin metroya keçidini asanlaşdıracaq.

B.Məmmədov ödənişsiz gedişin yalnız bu iki stansiya ilə məhdudlaşmadığını da diqqətə çatdırıb:

“Hər iki stansiyadan daxil olan sərnişinlər Yaşıl xəttin bütün stansiyalarına keçid edə bilirlər və bu da ödənişsizdir. Yəni “Memar Əcəmi” stansiyasında düşən sərnişinlər Yaşıl xəttə keçməklə həm ‘Dərnəgül’, həm də ‘Nizami’ stansiyasına doğru ödənişsiz hərəkət edə bilirlər”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, səhər saatlarında aparılan müşahidələr bəzi sərnişinlərin yeni imkanlarla bağlı əlavə məlumatlandırılmasına ehtiyac olduğunu göstərib. Yaxın günlərdə avtobuslarda və metro stansiyalarında maarifləndirmə işləri gücləndiriləcək, stansiyaların girişlərində könüllülər sərnişinlərin məlumatlandırılmasına cəlb olunacaqlar.

O bildirib ki, “Bakı Metropoliteni” və AYNA sərnişin axını üzrə birgə monitorinqləri davam etdirəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər