ABŞ-nin çip istehsalçısı “Micron Technology”nin 2026-cı maliyyə ilinin üçüncü rübündə xalis mənfəəti illik müqayisədə təxminən 15 dəfə artaraq 1,9 milyard dollardan 28,2 milyard dollara yüksəlib. Bu barədə “Financial Times” yazır.
Şirkətin rüblük gəliri də illik müqayisədə təxminən 350% artaraq 41,5 milyard dollara çatıb. “Micron” süni intellekt infrastrukturu sahəsinə yönələn investisiya dalğasının əsas benefisiarlarından biri olub. Bu sırada Cənubi Koreyanın “SK Hynix” və “Samsung Electronics” şirkətləri də yer alır.
“Micron”un xalis mənfəəti analitiklərin gözləntilərini 4 milyard dollar üstələyib. Bunun fonunda şirkətin səhmləri premarket ticarətində 18,1% bahalaşıb.
“Micron”un maliyyə hesabatı rəqibi “SK Hynix”in səhmlərinə də müsbət təsir göstərib. CNBC-nin məlumatına görə, şirkətin səhmləri 13% bahalaşıb. İnvestorlar həmçinin “SK Hynix”in ABŞ-də listinq keçirmək və 29 milyard dollar cəlb etmək planlarını da müsbət qarşılayıblar.
“Micron”un bazar dəyəri təxminən 1,3 trilyon dollara yüksəlib. Şirkət cari rübdə satışların təxminən 50 milyard dollar olacağını gözləyir. Bu göstərici analitiklərin proqnozlaşdırdığı 43,7 milyard dolları üstələyir.
2026-cı ilin may ayının sonunda “Micron”un bazar kapitallaşması 1 trilyon dolları keçib. “Samsung” və “SK Hynix” də eyni həddi aşan şirkətlər sırasına daxil olub.







