Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.
Agentlikdən verilən məlumata görə, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsi nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub.
Müsabiqənin qalibi olan “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) investisiya qoyuluşu müqabilində “MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli) yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı isə 3 otaqlı, 27-si 4 otaqlı) agentliyin sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin 40 mln. manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.
“Kristal Abşeron MTK” MİDA tərəfindən cəlb olunmuş artıq 4-cü özəl investordur. Xatırladaq ki, agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin ərazisində bina tikintisi, müvafiq telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin tikintisi üçün MİDA tərəfindən daha öncə 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 mln. manat investisiya vəsaitinin 11 mln. manat hissəsi uğurla reallaşdırılıb