-1 C
Baku
Sunday, December 15, 2024

MİDA: “Güzəştli mənzil” sistemi vasitəsilə Yasamal Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir

Banker.az Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə istinad edərək bildirdi ki, 08 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının 2018-ci il üzrə yekun iclası keçirildi.

İclası açıq elan edən Müşahidə Şurasının sədri Çingiz Qədimov qeyd etdi ki, 2018-ci ildə unudulmaz və yadda qalan hadisələrdən biri dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin açılışının olması və Yasamalda yeni yaşayış kompleksinin təməlinin qoyulmasıdır.

İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə, “MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun ötən il ərzində Cəmiyyət tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənilmişdir. Məlumat verildi ki, 05.09.2018-ci il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçimi həyata keçirilmiş və həmin mənzillərdən 278-nin alqı-satqısı başa çatdırılmışdır. Hesabat çıxışında vurğulandı ki, “Elektron hökumət” portalı və “Güzəştli mənzil” sisteminin daha da təkmilləşdirilməsi məqsədilə Agentliyin, 1 saylı “ASAN” xidmət mərkəzinin və “AzInTelecom” MMC-nin inzibati binalarında müvafiq qurumların nümayəndələri ilə koordinasiyalı əməkdaşlıq təşkil olunmuş, eyni zamanda “Ernst & Young” (“EY”) audit şirkətinin iştirakı ilə aidiyyəti qurum və təşkilatlarla birgə test-sınaq yoxlamaları icra olunmuşdur.

“MİDA” MMC-nin direktoru bildirdi ki, Agentliyin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir. Bakı şəhərinin Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında, 20 hektar ərazidə reallaşdırılan bu layihə çərçivəsində ümumilikdə 2962 mənzil inşa olunacaq. Bunlardan 280-nin birotaqlı, 1401-nin ikiotaqlı, 980-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Kompleksdə çoxmənzilli binalarla yanaşı, hər biri 90 yerlik olmaqla 2 uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, tibb müəssisəsinin və digər ictimai-iaşə obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ölkənin regionlarında da güzəştli mənzillərin tikintisini təmin etmək məqsədilə Gəncə və Sumqayıt şəhərlərində torpaq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı Agentliyə təkliflər verilmişdir.

İclasın sonunda Müşahidə Şurasının üzvləri “MİDA” MMC-nin direktorunun hesabatını nəzərə alaraq, Cəmiyyətin fəaliyyətinin düzgün istiqamətdə müəyyənləşdirilməsi ilə əlaqədar görülmüş tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulamışlar.

Son xəbərlər
Digər xəbərlər