Hələ də qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq.
Banker.azın məlumatına görə, bunu vergilər naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2018-ci ilin ötən 9 ayı ölkəmizdə makroiqtisadi sabitliyin, iqtisadi artımın davam etməsi və maliyyə dayanıqlığının daha da güclənməsi ilə əlamətdar olub: “Ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, mürəkkəb xarici risklər və çağırışlar şəraitində yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirib”.
M.Cabbarov bildirib ki, ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub: “Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür”.
O deyib ki, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb:
“Cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib”.
Nazir vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb. Tədiyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb.
M.Cabbarov əlavə edib ki, Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühit, böyük daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər insanları sahibkarlıq fəaliyyətinə stimullaşdırır: “Lakin bu sahədə hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq. Bu kimi halların qarşısının alınması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergiödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır”.
Onun sözlərinə görə, sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır. Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergiödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir:
“Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır. Əlbəttə, vergiödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergiödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla – dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergiödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır”.
Nazir bildirib ki, uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən prosesdir. Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasını davam etdirəcək:
“Cari ildə göstərilən problemlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Nazirlik tərəfindən vergiödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb. Ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb. Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergiödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb”.