Mikrokreditlər üzrə faiz dərəcələrin enməsi və digər şərtlərinin müştərilər üçün daha faydalı olması səbəbindən bu növ borcalmaların həcmi daima artır. Məsələn, “Unibank”ın mikrokreditlər üzrə portfeli son bir ildə 3 dəfə artaraq, 9,3 mln. manatı üstələyib.
Eyni zamanda, ötən il ilə müqayisədə “Unibank”ın məcmu kredit portfeli də 14 mln. manat həcmində artıb. Nəticədə Bank tərəfindən verilən kreditlərin ümumi məbləği 246 mln. manat və yaxud 311 mln. ABŞ dollarına çatıb. Maraqlısı odur ki, bu zaman problemli kreditlərin həcmi kəskin sürətdə enib. Belə ki, son bir ildə mikrokreditlər üzrə problemli sayılan borcalmaların ümumi portfeldəki payı bir neçə dəfə enib – 10,26%-dən 3,51%-dək.
Mikrokreditlər barədə “Banker.az”ın suallarına «Unibank»ın bu növ borcalmalar üzrə Meneceri Emin Mehdiyev cavab verib.
Emin bəy, Mikrokredit nə üçün və kimə verilir?
– Mikrokredit – müştərilərin biznes fəaliyyətinə və ev təsərrüfatlarına verilən bir kredit vəsaitidir. Qanunvericiliyə müvafiq olaraq, borcalan qismində Azərbaycanda fəaliyyət göstərən şirkətlər, özəl sahibkarlar, hüquqi şəxslər və fərdi sahibkarlar öz bizneslərini inkişaf etdirmək məqsədi ilə mikrokredit ala bilərlər. Mikrokreditlər minimum 6 ay biznes fəaliyyəti ilə məşqul olan, 18 yaşdan 60 yaşa kimi vətəndaşlara, dövriyyə və əsas vəsaitlərin artırılması məqsədi ilə verilir.
Mikrokreditlər hansı həcmdə və hansı müddətə verilir?
– Mikrokreditlərin məbləği 200 şərti vahiddən 20 000 şərti vahidədək müəyyən edilir. Təyinatından asılı olaraq mikrokreditlər 2 aydan 24 ayadək təklif olunur.
Bu növ kreditlərin əsas fərqi nədən ibarətdir?
– Mikrokreditin digər kreditlərdən əsas fərqi onun cəmiyyətin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsidir. Bu tip kreditlər müştərilərin yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda onların biznes və təsərrüfatlarını inkişaf etdirir. Bir sözlə bu tip kreditlərin təyinatı birbaşa olaraq biznes və təsərrüfatı inkişaf etdirərək, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsidir. Təsadüfi hal deyil ki, regionlarda geniş müştəri kütləsi məhz elə mikrokredit alətlərindən istifadə edir.
Mikrokreditlərin üstünlüyü nədədir?
– Kiçik biznesin başlanması üçün və yaxud mövcud biznes fəaliyyətinin davamlılığını qorumaq məqsədi baxımından mikrokreditlər sərfəlidir. Məsələn, bölgələrdə ev təsərrüfatı olan əhali, ailəsinin xərclərini təmin edə biləcək sayda mal-qara saxlayır, qış fəslində həmin mal-qaranı yemlə təmin etmək məqsədi ilə mikrokredit cəlb edir. Əkinçi isə payız fəslində taxıl əkmək məqsədi ilə şum və səpin üçün güzəştli mikrokredit alır, yəni hər ay yalnız faiz ödənilməsi şərti ilə. Məhsul yığımından sonra kredit tam ödənilir. Bu cür müştərilərilərin sayı bölgələrdə 4 minə yaxındır. Müştərilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bərabər, mikrokreditin səmərəliyi Bankın maraqları ilə bağlıdır. Bu növ kreditlər üzrə orta məbləğlərin və müddətin kiçik olması Bankın kredit risklərini minimuma endirir faiz gəlirlərini isə artırır.
Təminatın Bank tərəfindən qəbul edilmiş standart növləri ilə yanaşı (mənzil, torpaq sahəsi, avtomobil və zinyət əşyaları), şəxsi əmlakın, mal qalığının, istehsal avadanlığının, kənd təsərrüfatı məhsullarının və zaminlik kimi təminat növləri də tətbiq edilir.