9 C
Baku
Friday, December 13, 2024

Minimum əmək haqqı və minimum pensiya üzrə MDB-də alıcılıq qabiliyyəti üzrə ilk iki yeri bölüşürük, nazir deyir

“2019-cu ilin əvvəlində sosial paketlərin birinci mərhələsi təsdiq olundu və birinci mərhələ çərçivəsində 3 milyondan çox vətəndaşımızın həyatına birbaşa təsir edən qərarlar qəbul edildi. Həm minimum əmək haqqı, həm minimum pensiya, həm sosial müavinətlər, həm təqaüdlər və başqa ödənişlər artırıldı”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, sosial islahatların ikinci paketi Azərbaycan Prezidenti tərəfindən imzalanıb: “Bu paket çox əhatəlidir, geniş bir spektri əhatə edir. Burada minimum əmək haqları, həm minimum pensiyalar, həm müxtəlif dövlət sektorunda işləyən şəxslərin əmək haqları artırılır. Onların da dolayı təsiri ilə həm dövlət, həm də özəl sektorda ümumilikdə 2 milyon 100 min insan əhatə edilir və əlavə 2 milyarda yaxın dövlət vəsaiti bu istiqamətə illik əsasda yönəldilir”.
Nazirin sözlərinə görə, son sərəncamlarla əmək haqqı artımı 1 milyon 350 min insanı əhatə edəcək: “1 milyon insan dövlət sektorunda, 350 min insan isə özəl sektorda çalışır. Onlarda həm minimum əmək haqqı artımı ilə bağlı olaraq vahid tarif cədvəli çərçivəsində artımlar olacaq, həm də müxtəlif istiqamətlərdə işləyən şəxslərin əmək haqları ciddi şəkildə artırılacaq. Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumundan ciddi şəkildə artırılaraq təsbit edildi. Azərbaycanda yaşayış minimumunun 250 manat təsbit edilməsi birbaşa onun göstəricisidir ki, Azərbaycan sosial dövlət istiqamətində əmin addımlarla irəliləyir. 1 milyon 350 min insanın əmək haqqının artması, o demək deyil ki, onlar 250 manatdan aşağı əmək haqqı alırdılar. Minimum əmək haqqının 250 manat təsbit edilməsi ilə bağlı dövlət idarəetmə sistemində, eyni zamanda özəl şirkətlərdə də müəyyən maaş cədvəli, maaş pillələri olacaq. Alt pillə artdığı anda, yuxarı pillələr mərhələlərlə artacaq”.

S. Babayev qeyd edib ki, son sərəncamlardan sonra Azərbaycanda minimum pensiya 200 manat təsbit olunub: “Minimum pensiyanın artırılması 660 min insanı əhatə edir. Ümumilikdə pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə etdi. Bunun da illik xərci 400 milyon manatdan artıqdır. Bu xərc DSMF tərəfindən ödəniləcək. Bu böyük sosial bir paketdir. Bu sosial paketin nəticəsində Azərbaycan minimum əmək haqqı və minimum pensiya üzrə MDB səviyyəsində alıcılıq qabiliyyəti üzrə ilk iki yeri bölüşür”.

Son xəbərlər
Digər xəbərlər