BANKER.AZ — ABŞ Xəzinədarlığını (Maliyyə Nazirliyi) Xarici Aktivlərə Nəzarət İdarəsi ötən həftə Rusiyanın “Mir” ödəniş sistemindən istifadə edən maliyyə qurumlarına sanksiya xəbərdarlığı edib.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyanın ödəmə sistemi ilə bağlı Türkiyəyə qarşı sanksiya təhlükəsi ilə bağlı açıqlamasından sonra “Mir” ödəmə sistemi araşdırma obyektinə çevrilib. Türkiyədəki 2 özəl türk bankı Rusiyanın bu ödəmə sistemini dayandırdıqlarını açıqlayıb. Həmçinin, üç dövlət bankı – Ziraat Bankası, VakifBank və Halkbank Rusiyanın Mir ödəniş sisteminin kartlarının qəbulunu dayandırıblar.
KİV-də yayılan məlumatda deyilir ki, Türkiyə “Mir” sisteminə qoşulan ayrıca bank yaradılacaq ki, onlar bu sanksiyadan yayına bilsinlər.
“Mir” nədir?
“Mir” Rusiya Bankının (Mərkəzi Bankı) 2017-ci il mayın 1-də qəbul etdiyi qanunla yaradılmış milli ödəniş sistemidir. Elektron pul köçürmələri üçün istifadə olunan sistemin “Visa” və “Mastercard” sistemlərinin analoqdur.
Hal-hazırda daha çox Rusiya şirkətləri — “Aeroflot və Rusiya Dəmir Yolları kimi Rusiyada fəaliyyət göstərən şirkətlər tərəfindən qəbul edilir, lakin yavaş-yavaş Rusiya törəmə şirkətləri olan xarici şirkətlər arasında da qəbul edilir. “Mir” ödəniş sistemi Rusiya Bankının törəmə şirkəti olan “Milli Kart Ödəniş Sistemi” (NSPK) tərəfindən idarə olunur. “Mir” debet kartları müştərilərinə məhsul və xidmətlərin alınması və bankomatlardan pul çıxarılması kimi maliyyə əməliyyatlarını həyata keçirməyə imkan yaradır.
Bu gün “Mir” markalı kartlar Türkiyə də daxil olmaqla 11 ölkə və regionda qəbul edilir. Bunlar Türkiyə, Vyetnam, Cənubi Koreya, Ermənistan, Özbəkistan, Belarus, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Cənubi Osetiya və Abxaziyadır.
Azərbaycan qoşula bilərmi?
Göründüyü kimi siyahıda Azərbaycan yoxdur. Bu il fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.
Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.
Bəyannamənin 28-ci maddəsində isə yazılıb ki, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Azərbaycan Mərkəzi Bankının 29 iyulda keçirilən iclasında Banker.az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, bununla bağlı müzakirələr gedir, lakin ondan sonra hansısa işin edib getmədiyi ilə bağlı açıqlama verilmir.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin ötən bildirmişdi ki, Rusiya Azərbaycan, Çin və Misirlə “Mir” ödəniş kartından istifadəyə dair danışıqlar aparır. O, bu istiqamətdə fəal işlədiklərini bildirməklə, Azərbaycan, Bəhreyn, Misir, Hindistan, Çin, Kuba, Myanma, Nigeriya, Tailand və digər ölkələrlə danışıqlar müxtəlif mərhələlərdədir.
Nazir müavini bildirmişdi ki, bütün Rusiya müştərilərinin ən böyük beynəlxalq kart ödəniş sistemləri tərəfindən “əsassız şəkildə” bloklanması ”Mir” kartlarından istifadənin coğrafi genişləndirilməsinin prioritetini artırıb. Bəhreyn, Hindistan, Kuba, Myanma, Nigeriya, Tailand və digər ölkələrlə danışıqlar müxtəlif mərhələlərdədir.
Qeyd etməliyik ki, Rusiyanın başı hazırda Ukraynadakı müharibəyə qarışıb, lakin o hələ də Azərbaycanın ən böyük qeyri-neft – əsasən aqrar məhsulların alan ölkədir. Azərbaycan Rusiyaya cari ilin ilk yeddi ayında 472.34 milyon dollarlıq müxtəlif adda məhsul ixrac edib. Bu öncəki ildən 3% az olmasına rəğmən qeyri-neft sektorunun ixracı üçün əsas bazarlardan biri olaraq qalmadadır. İlin ilk səkkiz ayında ölkə ərazisinə gələn 1 mln.-luq turistin 26.2 faizi Rusiyadan gəlib.