Monteneqro 2026-cı ilin sonuna qədər Avropa İttifaqına üzvlük danışıqlarını başa vura bilər. Bu barədə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos Avstriyanın gənclər, ailə, Aİ və inteqrasiya naziri Klaudiya Plakolm ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Monteneqro artıq bütün meyarlara cavab verir. Əgər hər şey bu ruhda davam etsə, biz danışıqları 2026-cı ilin sonuna qədər başa vuracağıq”, – deyə o qeyd edib.
Eyni zamanda, 2 sentyabrda Kos bildirmişdi ki, əgər 2026-cı ilə qədər danışıqların texniki hissəsi tamamlanarsa, Monteneqro 2028-ci ildə Avropa İttifaqına üzv ola bilər. O vurğulayıb ki, yeni ölkələrin Aİ-yə daxil edilməsi sadəcə ərazinin və ya əhalinin artımı deyil, “xarici təsirlərdən qorunma”dır.
2024-cü ildə ölkə prezidenti Yakov Milatoviç bəyan etmişdi ki, Monteneqro hakimiyyəti Aİ-nin anti-Rusiya sanksiyalarını dəstəkləyib ki, siyasətini blokla uyğunlaşdırsın və “klubun üzvü» olsun.
Həmin vaxt o həmçinin qeyd etmişdi ki, Monteneqronun 2028-ci ilə qədər Aİ-yə üzv olması real məqsəddir. Milatoviçin sözlərinə görə, respublika “geopolitik məqamdan” istifadə etməlidir. Xatırladaq ki, Monteneqro danışıqlara 2012-ci ildə başlayıb və artıq son mərhələyə çatıb.