Sertifikasiya imtahanlarından sonra əməyin differensial qiymətləndirilməsi ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq bildirmək istərdik ki, maaşların artımı sisteminin daha da təkmilləşdirilməsi vacibdir. Qeyd edim ki, bu məsələ ilə bağlı bir sıra təkliflərimi ötən ay “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər layihəsinin müzakirəsi zamanı təqim etmişdim.
Banker.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əmək haqqı artımları üzrə faizlərin tam differensial öçlülməsi vacibdir. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir.
Təklifimiz differensial intervalları daha da genişləndirmək ilə bağlıdır. Praktik olaraq 50 bal yığmış müəllimin əmək haqqı artımı 30 bal yığmış müəllim ilə eynidir. Yəni, sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir: 10 faiz əlavə artım. Digər tərəfdən, sualların hammısını cavablandıranla 51 doğrusu olanın da əmək haqqı artımı eynidir.
Bu baxımdan, aşağıdakı formulanı təklif etmək istərdik:
Əmək haqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 50-60 arası nəticəsi olanlar üçün 40 faiz.
Bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər.
Qeyd edim ki, bu təklifləri Milli Məclisin iclasında yenidən rəsmi olaraq təqdim etməyi planlaşdırıram.