İşəgötürənin işçi qarşısında öhdəliklərindən biri də müəssisənin ləğv edildiyi halda işçiyə qanunla müəyyən olunmuş müavinətin verilməsidir.
Banker.az bu barədə “vergiler.az” a istinadən xəbər verir.
Belə ki, Hüquqi şəxs ləğv edilərsə və ya hüquqi şəxs olmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar fəaliyyətini dayandırarsa, işçilərin işinə qanunda nəzərdə tutulan əsasla xitam verilə bilər. Mülki Məcəllənin 61.12-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatır, hüquqi şəxsin isə mövcudluğuna son qoyulur.
Hüquqi şəxsin ləğvi haqqında qərarı onun təsisçiləri qəbul edir. Fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi dedikdə isə sahibkarın öz fəaliyyətinə faktiki xitam verməsi başa düşülməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən müəssisədə işləyən bütün işçilərlə, hamilə qadınlarla, yaşı 18-dən az olan işçilərlə, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə, həmçinin məzuniyyətdə olan işçilərlə əmək müqaviləsi ləğv edilir.
Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) bəndi ilə ləğv edildikdə isə işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
Misal 1: Tutaq ki, işçinin müəssisədə 3 il, ondan əvvəl isə başqa bir müəssisədə 10 il stajı vardır. İşdənçıxarma zamanı hansı staj nəzərə alınacaq?
Məcəllənin 70-ci maddəsinin tələbindən aydın görünür ki, işəgötürən işçiyə həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq olaraq işdənçıxarma müavinəti ödəyəcəkdir. Bu zaman əvvəlki staj nəzərə alınmayacaqdır.
Misal 2: İşçi 17 fevral 2011-ci ildən bankda şöbə rəhbəri vəzifəsində çalışıb. Altı ildən sonra bank ləğv edildiyinə görə işçinin əmək müqaviləsinə xitam verilib. Aylar üzrə işçinin əməkhaqqı məbləği aşağıdakı şəkildə olub:
Aylar | Aydakı iş günləri | İşlədiyi iş günləri | Hesablanmış əməkhaqqı |
Yanvar | 23 | 23 | 1.100 |
Fevral | 21 | 21 | 1.160 |
Mart | 20 | 20 | 1.230 |
Aprel | 21 | 21 | 1.550 |
May | 20 | 20 | 1.125 |
İyun | 15 | 15 | 1.240 |
İyul | 22 | 22 | 1.354 |
Avqust | 21 | 21 | 1.452 |
Sentyabr | 16 | 16 | 1.835 |
Oktyabr | 23 | 23 | 1.796 |
Noyabr | 20 | 20 | 1.655 |
Dekabr | 21 | 21 | 1.432 |
243 | 243 | 16.929 |
Bu işçiyə müəssisə ləğv edildiyinə görə nə qədər işdənçıxarma müavinəti ödənilməlidir?
İşçinin əmək stajı beş ildən on ilədək olduğu üçün orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında öna müavinət ödənilməlidir. Diqqət edirsinizsə, müavinətin verilməsində minimum hədd müyyənləşdirilmişdir. İşəgötürən orta aylıq əməkhaqqının 1,7 mislindən artıq da müavinət verə bilər.
Əmək Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin birgünlük əməkhaqqı orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Bu halda əməkhaqqı saxlanılan iş günləri olmadığı üçün alınan rəqəmi orta aylıq iş günlərinin sayına vurmaq uyğun hesab edilə bilər.
Orta gündəlik əməkhaqqı:
(1.655 + 1.796) : (23+20) = 80,26 manat
2017-ci ilin istehsalat təqviminə əsasən, orta aylıq iş günlərinin sayı 20,08-dir.
Orta aylıq əməkhaqqı:
20,08 x 80,26 = 1.611,62 manat
İşdənçıxarma müavinəti:
1.611,62 x 1.7 = 2.739,75 manat.
İşçinin əmək stajı beş ildən on ilədək olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında ödəniş hesablanıb.
Bu halda işçiyə işdən çıxdığı günə qədər işlənmiş iş günlərinə görə əməkhaqqı və istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası da ödənilir.