21 C
Baku
Saturday, May 4, 2024

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsi davam etdirilib

Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevin məhkəməsi davam etdirilib.

Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə şahid qismində dindirilən Əlövsət Orucov deyib ki, təmir-tikinti işlərini həyata keçirən iki şirkətin rəhbəri olub.

 

“Nazirliyin Mənzil İstismar İdarəsi ilə müxtəlif vaxtlarda müqavilələr bağlamışıq. Nazirliyin əsas şərti isə köçürülən vəsaitin bir hissəsinin, yəni 18 faizinin “otkat” şəklində geri qaytarılması olub. Fikrət Mirzəyevin həm birbaşa özünə, həm də həmin İdarənin Əsaslı təmir şöbəsinin rəisi Rəhim Laçınov vasitəsilə “otkat” şəklində pullar təqdim edilib. Müqavilənin şərtinə uyğun olaraq, köçürülən vəsaitin 18 faizi nağdlaşdırılaraq nazirliyə qaytarılırdı”, – Əlövsət Orucov qeyd edib.

Prokurorun vəsatəti ilə məhkəmə şahidin əvvəlki ifadəsini elan edib.

Əlövsət Orucov istintaq dövründə geniş ifadə verib. O deyib ki, 2014-2019-cu illərdə Müdafiə Nazirliyi ilə təmir və tikinti işləri ilə bağlı müqavilələr imzalayıb. 2014-cü ildə Əsaslı Tikinti şöbəsinin rəisi Əlizadə Babayev olub.

Müqaviləyə əsasən, Əlövsət Orucovun şirkətlərinə 1 milyon 384 min manat köçürülüb. Həmin vəsaitin isə 117 min manatı “otkat” kimi nazirliyə qaytarılıb.

2016-2019-cu illərdə isə Mənzil İstismar idarəsinin rəisi Fikrət Mirzəyev olub. Onun dövründə isə şahidin şirkətləri ilə ümumilikdə 7 milyon 41 min manatlıq müqavilələr imzalanıb. Həmin pulun isə 1 milyon 72 min manatı Müdafiə nazirliyinə qaytarılıb.

Proses dekabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər