Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə A.Mahmudov özünü təqsirli bilmədiyini deyib.
O bildirib ki, banka qoyulan pulları bəzi hallarda müştərinin yox, başqa adamın adına yazıb: “Qiyas özü istəmədi ki, pulunu onun öz adına qoyum. Təranə isə mənim müştərim idi. Özü mənə biznes işi təklif etdi. Mən də işçimi göndərdim. Təranəyə isə 30 min dollar pul verdim. Təranə demişdi ki, Türkiyədən mallar gələcək. Lakin iş alınmadı. Həmin qadına verdiyim pulların yarısı Qiyasın idi”.
İttiham aktına əsasən, A.Əhmədov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 784 manat pul ödənilib.
A.Mahmudov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddələri ilə ittiham edilir