Mən müharibə veteranı, məcburi köçkün və himayəsində həyat yoldaşı ilə birlikdə üç azyaşlı uşağı olan ailə başçısıyam. Yoldaşım heç yerdə işləmir. Mənə hansı vergi güzəştləri düşür?
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.
Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Yəni siz yuxarıda qeyd olunan iki güzəştdən yalnız birindən, müvafiq təsdiqedici sənədi təqdim etməklə istifadə edə bilərsiniz.
Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Sorğunuzda qeyd olunan halda sizin muzdlu işdən əldə etdiyiniz aylıq gəlir 2500 manatadək olduqda 650 manat (400 + 200 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.
“Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi