16 C
Baku
Thursday, May 2, 2024

Mühasibat və vergi uçotu

Müəllif: Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev

Tarixən uçot anlayışı hələ insanların təsərrüfat fəaliyyətinə başladıqları ilk dövrlərdə meydana çıxmışdır. Təsərrüfat fəaliyyəti ilə bağlı aparılan əməliyyatların genişlənməsi və dövlət idarəçiliyinin yaranması cəmiyyətdə aparılan təsərrüfat əməliyyatlarının uçotunun pərakəndə deyil, ümumi qəbul olunmuş qaydalara uyğun şəkildə aparılmasını zəruri etmişdir. Bununla əlaqədar hər bir dövlətdə təsərrüfat uçotunun aparılmasının ümumi qaydaları müəyyənləşdirilmiş, uçot bir elm və norma yaradıcılığı kimi inkişaf etdirilmişdir.

XIX əsrin ortalarında səhmdar cəmiyyətlərinin inkişafı və vergitutma sahəsində baş verən dəyişikliklər nəticəsində vergi qanunvericiliyinin gücləndirilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar olaraq, dövlətin fiskal maraqlarının təmin edilməsi, dövlət xəzinəsinə vergilərin ödənilməsinə nəzarətin həyata keçirilməsi məqsədləri üçün mühasibat uçotunun məlumatlarından geniş şəkildə istifadə olunmuş və vergi qanunvericiliyinə vergi uçotunun aparılması ilə bağlı normalar daxil edilmişdir.

Dünyanın əksər ölkələrində mühasibat və vergi uçotunun aparılması məsələləri ayrı-ayrı qanunvericilik aktları ilə tənzimlənir. Lakin buna baxmayaraq, hər iki sahənin qanunvericilikləri həmişə sıx əlaqədə olmuşdur. Belə ki, istənilən ölkənin vergi qanunvericiliyinə nəzər salsaq görərik ki, bu sahənin qanunvericilik aktlarında mühasibat uçotunun terminologiyasından geniş istifadə olunur. Belə terminlərə əsas vəsaitlər, qeyri-maddi aktivlər, mal-material ehtiyatları, balans dəyəri, amortizasiya, gəlir, xərc, mənfəət və s. aiddir. Vergitutma üçün mühasibat uçotunun əsas əhəmiyyəti ondan ibarətdir ki, onun materialları müəssisələrin dövriyyəsi, mənfəəti və digər göstəriciləri barədə geniş məlumat əldə etməyə imkan verir. Bunlara baxmayaraq, vergi uçotunun aparılmasının prinsipləri, məqsədi və uçot göstəricilərini təsdiq edən sənədlərin siyahısı vergi qanunvericiliyi ilə müəyyənləşdirilir.

Təcrübədə mühasibat və vergi uçotunun həm oxşar, həm də fərqli cəhətləri müşahidə olunur. Vergi uçotunun mühasibat uçotundan əsas fərqi ondan ibarətdir ki, vergi uçotunun aparılması sistemi vergi ödəyicisinin özü tərəfindən müəyyən edilir. Mühasibat və vergi uçotunun oxşar cəhətlərinə isə adətən aşağıdakılar aid edilir:

  • uçotun aparılmasının məcburiliyinin qanunvericilikdə təsbit olunması;
  • göstəricilərin pul vahidi ilə ölçülməsi;
  • eyni uçot obyektinin olması;
  • hesabatların tərtibinin və təqdim olunmasının mütəmadiliyi;
  • təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinin məcburiliyi;
  • hesabat məlumatlarının həm daxili, həm də digər istifadəçilər üçün nəzərdə tutulması.

Müxtəlif ölkələrin uçot sistemlərinin təhlili göstərir ki, ənənəvi olaraq mühasibat və vergi uçotu sistemlərinin iki əsas modeli tətbiq edilir. Bu modellərdən birincisi Avropa modeli adlandırılır. Uçot sistemini Avropa modelinə uyğun şəkildə quran ölkələrdə mühasibat və vergi uçotunun göstəriciləri bir-birindən fərqlənmir. Bu modelə əsasən, mühasibat uçotu həm də fiskal uçot vəzifələrini yerinə yetirir. Avropa modeli ilkin olaraq XIX əsrdə Prussiyada yaradılmışdır. Göstərilən modelin əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, maliyyə hesabatları ilk növbədə dövlət vergi orqanlarının məqsədləri üçün tərtib olunur. Birinci modelə Almaniyanın, İsveçin, Belçikanın, İspaniyanın, İtaliyanın, İsveçrənin və Avropanın bəzi digər ölkələrinin uçot sistemləri aid edilir.

Uçot sisteminin ikinci modeli ingilis-sakson modeli adlandırılır. Bu model mühasibat və vergi uçotunun müstəqil və fərqli uçot sistemlərini nəzərdə tutur. İkinci modelin konsepsiyası ilkin olaraq Böyük Britaniyada yaradılmışdır. Onun əsas mahiyyəti ondan ibarətdir ki, mühasibat uçotu ilə müəyyən edilmiş balans mənfəəti vergitutma məqsədləri üçün müəyyən edilən mənfəətdən fərqlənir. İngilis-sakson modelinə ABŞ-ın, Böyük Britaniyanın, Avstriyanın, Kanadanın, Niderlandın və bir sıra digər dövlətlərin uçot sistemləri aid edilir.

Azərbaycanda tətbiq olunan uçot sistemi isə ingilis-sakson modelinə daha uyğun gəlir. Belə ki, mühasibat uçotunun qaydalarına əsasən hesablanan balans mənfəəti vergi qanunvericilinə uyğun qaydada müəyyən olunan mənfəətdən fərqlənir. Bu fərqin yaranması müəssisənin mənfəətinin vergitutma məqsədləri üçün məbləğinin müəyyən olunmasını tənzimləyən normaları əks etdirən «Müəssisə və təşkilatların mənfəət vergisi haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu ilə bağlı olmuşdur. Müəssisənin balans mənfəətinin hesablanması qaydasının onun mənfəətinin vergitutma məqsədləri üçün müəyyən olunması qaydasından fərqləndirilməsinə əsas verən normalar Azərbaycan Respublikasının Vergi Məcəlləsində də öz əksini tapmışdır. Bunlara gəlirdən çıxılmasına icazə verilən xərclərin növlərinin müəyyən edilməsini, bəzi gəlirdən çıxılan xərclərə məhdudiyyətin qoyulmasını, bazar qiymətlərinin tətbiqini və s. bu kimi məsələləri tənzimləyən normaları aid etmək olar.

Qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, mühasibat uçotu ilə vergi uçotunun fərqli olması bir tərəfdən dövlətin fiskal məqsədlərinə xidmət edirsə, digər tərəfdən vergi ödəyicilərində ikili uçotun aparılmasına və inzibatçılıq xərclərinin artırılmasına şərait yaradır. Bu səbəbdən də, təsadüfi deyil ki, hər iki uçot sistemi uzlaşdırılaraq optimal bir uçot sisteminin yaradılması məsələsi müzakirə və araşdırmalar obyektinə çevrilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər