8 C
Baku
Friday, March 29, 2024

Müsahibə öncəsi həyəcandan necə xilas olmaq olar?

Müsahibə öncəsi yaşanan həyəcan istənilən digər naməlum xarakterli hadisədə olduğu kimi kifayət qədər normal bir haldır. Lakin bu həyəcan artıq nevrozla müşahidə edilirsə və beyinin hissələrini iflic vəziyyətinə gətirirsə deməli vəziyyət heç də yaxşı deyil. Bəs karyeramız üçün həyati əhəmiyyət daşıyan müsahibədə bu yersiz həyəcandan necə xilas ola bilərik?

Müsahibəyə hazır olun:

Bu o deməkdir ki, müsahibəyə yollanarkən vakansiya və şirkət haqqında kifayət qədər məlumat toplamaq lazımdır. Təbii ki, kor-koranə yollandığınız müsahibədə sizi hansı sualların gözləyəcəyini təxmin belə edə bilməzsiniz. Mümkün olan bütün mənbələrdən şirkət haqqında ətraflı məlumat toplayın. Vakansiyanın bütün detallarını nəzərdən keçirin. Unutmayın ki, müsahibə zamanı sualları cavablandırmalı olan tək siz deyilsiniz. Təşəbbüs göstərərək sizi maraqlandıran detal və məsələlər haqqında işəgötürən şəxsə sual ilə müraciət etməyiniz qəbuledilən haldır.

 

Bundan əlavə, müsahibə zamanı eşidə biləcəyiniz potensial sualları ilk növbədə özünüz-özünüzə verin və ətraflı cavab axtarın.

İdeal olmadığınızı qəbul edin:

Tutaq ki, ev tapşırığınızı yerinə yetirdiniz və həyəcanın səviyyəsi nisbətən azaldı. Növbəti mərhələ – ideal olmadığınız faktını qəbul etməkdir. Ola bilsin, bacarıq və biliyiniz vakansiyada elan edilən hər hansı detal ilə uyğun gəlmir və yaxud məhz bu işlə məşğul olmağa sizə mane olan xarakter xüsusiyyətlərinə sahibsiniz. Bu kimi mövcud faktları özünüzə etiraf edin, bunları işəgötürən şəxsə də deməyə hazır olun – ideal insanlar mövcud deyil və işəgötürən şəxs də bunu yaxşı bilir.

Öz çatışmayan cəhətlərinizi qəbul etmək, onları öz üstünlüyünüzə çevirmək – özünə əminliyə doğru aparan ilk addımdır.

Rədd cavablarına fəlsəfi yanaşın:

Bəli, heç kəsə sirr deyil ki, bütün müsahibələr müsbət sonla nəticələnir və bir çox hallarda “Yox” cavabını alırıq. Lakin bu o demək deyil ki, siz heç kimə gərək deyilsiniz və yaxud dünya sizə qarşı ədalətsiz davranır.

Rədd cavabı o deməkdir ki, bu konkret vəzifə üçün onlar məhz olaraq sizi deyil, başqa bir şəxsi axtarırlar. Heç bir halda məyus olmaq və növbəti müsahibələrə şübhə ilə yanaşmaq olmaz. Bunu uğursuzluq kimi deyil, təcrübə kimi qiymətləndirin. Çünki əslində bu rəddin əsl mahiyyəti bundan ibarətdir.

Və unutmayın ki, hər bir növbəti müsahibə yeni bir şansdır. Onu əldən verməyin, imkanlardan maksimum şəkildə yararlanın və öz məqsədinizə doğru irəliləyin.

Son xəbərlər
Digər xəbərlər