19 C
Baku
Thursday, April 25, 2024

Müstəqil Azərbaycan Respublikasının bank sisteminin yaranma tarixi və ölkənin iqtisadi inkişafında rolu

Müəllif: Emil Xəlilov, “Expressbank” ASC-nin Böyük hüquqşünası 

Bank sistemi – Azərbaycanın maliyyə sisteminin mühüm institutlarından hesab olunmaqla, özünü təşkil edən və özünü tənzimləyən bir sistemdir.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının “Mərkəzi Bankı haqqında” Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Azərbaycan Respublikasının kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Azərbaycan Respublikasında kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri (kredit təşkilatlarının və dövlətin öhdəlik götürdüyü hallar istisna təşkil edir) üzrə məsuliyyət daşımır.

Azərbaycan müstəqillik baxımından gənc ölkə olmasına baxmayaraq, qısa zaman ərzində çox yüksək iqtisadi artıma və inkişafa nail olmuşdur. Əldə olunan nailiyyətlərdə bank sisteminin rolu xüsusi qeyd olunmalıdır. Ona görə ki, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq istənilən ölkənin iqtisadiyyatının möhkəmliyində, hərtərəfli və dinamik inkişafında həmin  ölkənin bank sisteminin əsaslı dərəcədə rolu böyükdür.

Azərbaycanın Bank sisteminin ilkin inkişafı hələ XIX əsrin ikinci yarısından başlamışdır. Lakin Azərbaycan Respublikası bank sisteminin institusional və hüquqi quruculuğu 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindən sonra başlamışdır. 1992-ci ildə “Azərbaycan Respublikasının Milli Bankı” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunlarının qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyulmuşdur.

Müstəqil Azərbaycan Respublikasının bank sisteminin yaradılması və inkişafının birinci mərhələsi bank sektoruna daxilolmanın azad şərtləri ilə müşaiyət olunmuşdur.

Azərbaycanda bank sisteminin inkişaf mərhələsini 3 hissəyə ayırmaq olar;

  1. Birinci mərhələ 1990-1992-ci illəri arasında Mərkəzi Bank (həmin dövrdə Milli Bank) sisteminin təşkil edilməyə başlanıldığı,
  2. 1992-1994-cü illərdə hiper infilyasiya və qeyri sabit bir şəraitdə bank sisteminin inkişafı,
  3. 1994-cü ildən sonrakı makro iqtisadi sabitliyin əldə edildiyi şəraitdə bank sisteminin inkişafına çalışıldığı mərhələ.

Müstəqil kommersiya banklarından 4-ü əsasən dövlət mülkiyyətinə əsaslanırdı. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsus idi.

Bunlar aşağıdakılardır:

  • AR Aqrar Sənaye Səhmdar Kommersiya Bankı.
  • AR Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankı.
  • AR Əmanət Kommersiya Bankı.
  • AR Beynəlxalq Səhmdar Kommersiya Bankı.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1992-ci il tarixli fərmanına əsasən keçmiş SSRİ Xarici İqtisadi Fəaliyyət Bankı Azərbaycan Respublikası Bankının bazası əsasında Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.

Azərbəycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli fərmanı ilə Dövlət Bankı, keçmiş SSRİ Sənaye-Tikinti Bankı və SSRİ Aqrar-Sənaye Bankı Azərbaycan Respublikası bankları bazası əsasında Azərbaycan Respublikasının Milli Bankı və keçmiş SSRİ Əmanət Bankı Azərbaycan Repsublikasının bankı əsasında isə Azərbaycanın Əmanət Bankı yaradıldı.

1992-ci ilin fevral ayından avqust ayına qədər Sənaye-Tikinti Bankının və Aqrar-Sənaye Bankının müəssisə və şöbələri bilavasitə Azərbaycan Milli Bankının tabeçiliyinə verilmişdir.

Azərbaycan Respublikasının Milli Bankı dünyanın müstəqil bankları kimi fəaliyyətə başladı. Azərbəycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli, 566 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının (o vaxtkı Milli Bankın) ilk sədri təyin edildi. Həmin vəzifəyə Azərbaycanın tanınmış əməkdar iqtisadçısı Qalib Ağabala oğlu Ağayev təyin edilmişdir. Q.A.Ağayevin Azərbaycanın maliyyə-bank sferasının inkişafında xüsusi xidmətləri olmuşdur.

1992-ci il 1 dekabr tarixdə isə Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul etmişdir. Bank işi üçün əhəmiyyətli dərəcədə vacib olan bu qanunvericilik aktları Milli Bank hüququnun təməlini qoymuş və bank fəaliyyətinin yeni ictimai-iqtisadi şəraitə uyğunlaşmasına şərait yaratmışdır. Sözügedən aktlarda Milli Bank tədavülə pul nişanları buraxılmasına müstəsna hüququ olan dövlətin mərkəzi bankı kimi müəyyən edilmişdir. Eyni zamanda Milli Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər də verilmişdir.

Bank sisteminin müstəqilliyi ilə yaranan imkana uyğun olaraq 15 avqust 1992-ci ildə Respublikamızın Milli valyutası olan «manat» dövriyyəyə buraxıldı və Milli Bankda onun dəyərinin qorunması üçün tədbirlər həyata keçirilməyə başlandı.

1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olundu. 1995-ci il 12 noyabr tarixdə keçirilən referendumda qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II bəndində isə pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququnun yalnız Milli Banka mənsub olması bir daha təsdiq edilmişdir. Eyni zamanda həmin bənddə Milli Bankın dövlətin müstəsna mülkiyyətində olması da təsbit edilmişdir. Yeni Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasından xəbər verirdi. Məhz buna görə də bütün sahələrdə olduğu kimi bank qanunvericiliyi sahəsində də yeniliklər zəruri idi. Buna görə də 1996-cı il 10 iyun tarixində “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, həmin ilin 14 iyun tarixində isə “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları respublikanın bank sisteminin qabaqcıl dünya bank praktikasına yaxınlaşmasına, kredit təşkilatlarının yaradılmasına imkan yaratdı.

Respublikamız müstəqillik əldə etdikdən sonra bazar əsasında inkişaf edən ölkələrin təcrübəsinə uyğun olaraq Milli bazar yaradıldı. Bu dövrdə həm bankların strukturları, həmdə kredit münasibətlərində də dəyişiklik edildi.

Beləliklə, bazar prinsiplərinə əsaslanan ikipilləli bank sistemi formalalaşmış oldu.

1-ci pillə – AR Mərkəzi Bankı (o dövrdə Milli Bank adlanırdı)

2-ci pillə – Kommersiya Bankları və digər bank olmayan kredit təşkilatları.

Bundan sonra Aqrar-Sənaye Bankı və Sənaye-investisiya Bankı Milli Bankın tərkibindən çıxarılaraq, Birləşmiş Universal Səhmdar (BUS bank – indiki KapitalBank ASC) kommersiya bankına çevrildi.

Azərbaycan Respublikasının Əmanət Bankı və Beynəlxalq Bankı Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarına əsasən səhmdar kommersiya bankları kimi fəaliyyət göstərməyə başladılar. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikasının Aqrar-sənaye Bankının, Sənaye İnvestisiya Bankının, Əmanət Bankının və Beynəlxalq Bankın tamamilə səhmdar komersiya banklarına çevrilməsi prosesi başa çatdırıldı. Həmin bankların nəzarət səhm paketi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin timsalinda Azərbaycan hökumətinə məxsus idi. Səhmlərin qalan 49%-i isə müxtəlif hüquqi və fiziki şəxslər arasında bölüşdürülərək təşkil olundu.

Bank sisteminin və onu tənzimləyən normativ bazanın inkişafı bir gün də olsa yerində qalmır. Ona görə də hesab edirəm ki, sonuncu yeniləşən elmi-nəzəri metodlara və dəyişkən şəraitə uyğunlaşmaq məqsədilə daim təkmilləşdirilməlidir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolunu aydınlaşdırmaqdan ötrü qısaca tarixə nəzər salmaq lazımdır.

İqtisadi tənəzzül adlandırdığımız 1991-1995-ci illərdə Azərbaycanın bank sistemi iflic vəziyyətində idi. Bu iqtisadi problemlərin həll olunmasında Mərkəzi Bankın (həmin dövrdə Milli Bankın) qarşısında ciddi vəzifələr dururdu. Belə ki, istənilən bank sisteminin idarəolunması, bankların fəaliyyətinə nəzarət, pul-kredit siyasətinin tənzimlənməsi məhz Mərkəzi Bank tərəfindən həyata keçirilir. Fikrimcə,  həmin dövrdə Milli Bank tərəfindən həyata keçirilən siyasət düzgün olmasa idi hal-hazırda Azərbaycan iqtisadiyyatı bu cür inkişaf edə bilməzdi.

Bank işi zəif hüquqi bazaya əsaslanmış və keçmiş dövrün qanunvericilik aktlarının tələb və prinsiplərinə uyğun idarə olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, dünya ölkələrində istifadə olan çoxsaylı bank əməliyyatlarından respublikada yalnız bir neçəsi icra olunurdu.

Bunlarla yanaşı respublikada Əmanət bankı sistemində də ciddi nöqsanlar və pərakəndə idarəetmə vəziyyəti mövcud idi. Belə ki, Əmanət bankları əhalidən qəbul edilmiş əmanətləri qeyri-səmərəli və məsuliyyətsiz formada idarə etmiş və həmin əmanətlərin vaxtında faizlə qaytarılması üzrə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuşdur. Bu səbəbdən bir neçə illər ərzində əhalinin Əmanət banklarına etibar etdiklərı əmanətlər qiymətdən düşmüş və yararsız pul ehtiyatına çevrilmişdir. Nəticədə, Əmanət Bankı öz mahiyyətini itirmişdirsə, aparılan islahatlar nəticəsində bank sisteminin fəaliyyətində mövcud olan nöqsan və çatışmamazlıqlar zəif pərakəndə idarəetmə vəziyyəti nisbətən aradan qaldırılmış və onların işində xeyli təkmilləşdirmə aparılmışdır.

Bank islahatlarının növbəti mərhələsində kommersiya bankların intensiv sağlamlaşdırılması üzrə aparılmış tədbirlər bank sisteminin davamlılığının məhkəmləndirilməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına mühüm şərait yaratmışdır.

Kommersiya bankların minimal kapitala tələbinin Mərkəzi Bank tərəfindən artırılması və konsolidasiya prosesinin təşviqi özəl bank sisteminin kapital bazasını möhkəmləndirmiş və bank sistemnin inkişafını təmin etmişdir.

Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən islahatlar və institusional inkişaf nəticəsində bank sektorunda kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Bunun nəticəsi olaraq bank sektorunda maliyyə sabitliyi parametrlərinə, risk menecment təcrübəsinə və xidmət şəbəkəsinə görə beynəlxalq standartlara tam uyğun bank sistemi formalaşmışdır.

Hazırda banklar müştərilərinə geniş çeşidli xidmətlər göstərir və pərakəndə bank xidmətləri sürətlə inkişaf edir. Əhaliyə bank məhsulları internet-bank, sms-bank, mobil-bank, avtomatlaşdırılmış bank köşkləri kimi ən müasir texnoloji vasitələrlə təklif edilir.

Bank sisteminin regional şəbəkəsi və maliyyə xidmətlərinə çıxış imkanları da sürətlə genişlənir, banklar beynəlxalq maliyyə bazarlarında aktiv fəaliyyətə başlayıb. 2007-ci ildən fəaliyyətə başlamış dünyanın nüfuzlu maliyyə qurumları  “Commerzbank” və “Citi” Bankın nümayəndəliklərinin və digər inkişaf etmiş ölkələrin qabaqcıl banklarının (məsələn, “AccessBank”, “Bank VTB Azərbaycan”, “ZiraatBank Azərbaycan” və s) ölkə daxilində fəaliyyətinə icazə verilmişdir ki, bu da dünyanın ən qabaqcıl bankçılıq texnologiyalarının Azərbaycanda tətbiq olunmasına şərait yaratmışdır.

Bazar iqtisadiyyatına keçid dövründə bütün növ bank resurslarının əmələ gəlmə mənbəyində, strukturunda və istifadə olunma mexanizmində əsaslı dəyişiklik baş vermişdir.

Respublikada müasir bank sistemində baş verən əsaslı dəyişikliklərı aşağıdakı kimi qruplaşdırmaq olar:

–  Bank sistemində aparılan əsaslı islahatlar dövlət və kommersiya banklarının hüquqlarını və məsuliyətini daha da artırmış və onların tənzimləmə mexanizmi nisbətən gücləndirmişdir;

–  Pul tədavülünün tənzimlənməsində bankların rolu və idarəetmə funksiyaları artmışdır;

–  Respublikada xarici ölkə bankları ilə rəqabət aparmaq gücünə malik birgə bankların yaradılmasına üstünlük verilmişdir;

–   Mərkəzi Banka sərbəst pul-kredit siyasəti yeritmək və dövriyyəyə pul buraxmaq hüququ verilmişdir.

– Bankların yeni fəaliyət növləri ilə məşğul olmaq, qiymətli kağızlarla əməliyyatlar aparmaq, lizinq, faktorinq və s. əməliyyatlara qoşulmaq imkanları genişlənmişdir.

Müasir bazar iqtisadiyyatı şəraitində bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisi kimi qəbul etmək lazımdır.

(Məsələn, banklar tərəfindən banklar tərəfindən verilən kreditlərlə yeni tikililərin, məktəblərin, yolların salınması ölkənin infrastrukturunun inkişafına, müxtəlif müəssisələrin yaradılması isə istehsalın həcminin artmasına, əhalənin məşğulluğunun təmin olunmasına, bununla əlaqədar olaraq dövlət büdcəsinə vergilərin daxil olmasına təsir edir).

Kreditlərdən əlavə olaraq məhz banklar Mərkəzi Bankın keçirdiyi pul-kredit siyasətində onun əsas rıçaqlarından biri hesab olunur. Belə ki, banklar vasitəsilə Mərkəzi Bank pul emissiyasını həyata keçirir, dövriyyədə olan pul kütləsini tənzimləyir. Banklar tərəfindən əhalənin pul kütləsini əmanətə cəlb olunması həm dövriyyəyə əlavə pul emissiyasının qarşısını alır, yəni bir növ pul artıqlığı olanlarla, pula ehtiyacı olanlar arasında əlaqə yaradır.

Banklar tərəfindən nağdsız hesablaşmarın təmin olunması istər ölkə daxili, istərsə də ölkədən kənar idxal-ixrac əməliyyaları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinə şərait yaradır.

Beləliklə, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi bank sisteminin inkişafının pozitiv dinamikasını saxlamış, bankların maliyyə vasitəçiliyində rolunu daha da möhkəmləndirmişdir.

Hesab edirəm ki, gələcəkdə bank işinin inkişafı və daha da modernizasiyası üzrə yeni konsepsiyanın hazırlanması istiqamətində işlərə başlanılmalıdır.

Və sonda qeyd etmək istərdim ki, Bank sistemində bəzi nöqsan və çatışmazlıqlar mövcuddur və onların aradan qaldırılması ölkənin iqtisadi inkişafında bank sisteminin rolunun daha da artmasına gətirib çıxara bilər.

Həmin nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirəm:

  1. Bank qanunvericiliyinin təkmilləşdirilməsi və vahid bir sistemə salınması. (Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 mart 2004-cü il tarixli Fərmanı ilə “Bank Məcəlləsi”nin layihəsinin hazırlanması barədə AR Mərkəzi Bankına və digər dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir, lakin bu günədək həmin istiqamətdə heç bir addımlar atılmayıb);
  2. Banklarda və bank olmayan kredit təşkilatlarında kredit üzrə faiz dərəcələrinin aşağı salınması;
  3. Bankların daha çox kredit yönümlü olmaması;
  4. Bank məhsullarının çeşidinin artırılması.
  5. Bankların verdiyi debet (kredit) kartları üzrə sığorta haqqının aşağı salınması;
  6. Qiymətli kağızlar bazarının (fond birjasının) canlandırılması;
  7. Peşakar kadrların hazırlanması istiqamətində müvafiq addımların atılması.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

6 ŞƏRH

Comments are closed.