15 C
Baku
Friday, March 29, 2024

Muxtar respublikada kredit qoyuluşu 19 milyon manata yaxın artıb

Naxçıvanda kredit qoyuluşu 19 milyon manata yaxın artıb

Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən bu il iyulun 1-dək muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 124 milyon 528 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 4 milyon 626 min manat, uzunmüddətli kredit qoyuluşu isə 119 milyon 902 min manat təşkil edib. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 984 min manat artıb.

Bu faktlar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən iclasda səsləndirilib.

İdarənin sədri Elvin Axundov iclasda çıxış edərək bildirib ki, Mərkəzi Bankın kreditləşmədə əsas məqsədi aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın müdafiəsi, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Eyni zamanda, muxtar respublika əhalisinə verilmiş 41 milyon 35 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 15 milyon 545 min manat məbləğində ipoteka kreditləri vasitəsilə vətəndaşların şəraitinin yaxşılaşdırılması ilə bərabər real sektor da dəstəklənib.

Kredit təşkilatları tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində 115 fiziki və hüquqi şəxsə 143 olmaqla, 3 milyon 379 min manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.

“Banklar tərəfindən 1 iyul 2019-cu il tarixə 81 min 855 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 72 min 483-ü işlək hesab olub. Bu dövrdə 13 min 460 müştəriyə yeni bank hesabı açılıb. Həmin hesabların 13 min 412-si fəaliyyət göstərir” – deyən Elvin Axundov diqqətə çatdırıb ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 20 milyon 363 min manat olub. İyulun 1-dək, ümumilikdə, 111 ədəd bankomat quraşdırılıb.

Elvin Axundov bildirib ki, gələcəkdə də muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirməklə elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, verilən kreditlərin daha çox real sektora istiqamətləndirilməsi və təyinatına uyğun istifadəsinə nəzarət, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, nağdsız hesablaşmaların miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması prioritet sahə kimi nəzarətdə saxlanılaraq icrası təmin ediləcək.

Məruzə ətrafında çıxışlar olub.

© Azərtac

Son xəbərlər
Digər xəbərlər