-1 C
Baku
Sunday, December 15, 2024

Nəqliyyat Nazirliyində ixtisarlar olacaq

Bu barədə nazirliyin modern.az saytının sorğusuna cavabında deyilir.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun açıqlamasına görə, hazırda həm Dövlət Avtomobil Nəqliyyatı Xidmətində, həm «Bakı Sərnişin Yük Daşımaları» MMC-də siyahının hazırlanması və digər məsələlərə baxılır:

«Yaxın günlərdə nəticələrin Nəqliyyat Nazirliyinə təqdim edilməsi gözlənilir. Təbii ki, ixtisarlar olacaq, amma onlardan bəzilərinin işlə təmin olunması da mümkündür».

Namiq Həsənov qeyd edib ki, müfəttişlik tamamilə ləğv olunmayacaq:

«Elə məsələlər var ki, onlar üçün ştata ehtiyac qalmayıb. Müəyyən mənada fəaliyyət var. Hətta avtobuslarda bəzi funksiyalar nəqliyyat müfəttişlərinə şamil ediləcək, amma bildiyiniz kimi, daha çox funksiyalar Yol Polisinə verilib. Bizdə qalan funksiyalarla bağlı müfəttişlər fəaliyyətini davam etdirəcəklər. Səlahiyyət azaldıldığından biz də nəzərə alırıq ki, bu funksiyaların yerinə yetirilməsi üçün mövcud ştat vahidlərinin sayı çoxdur. Ona görə də ixtisarlar mütləqdir».

İşçilərin konkret sayına gəlincə, nazirlik rəsmisi bildirib ki, hazırda dəqiqləşdirmə aparılır: «5-10 nəfər yox, yüzlərlə adamdan söhbət gedir. Bu qədər insanın taleyi birdən-birə həll olunanda, məsələyə ehtiyatla yanaşılmalıdır. Dəqiq siyahı barədə yaxın günlərdə əlavə məlumat veriləcək».

Prezidentin 2015-ci il sentyabrın 12-də imzaladığı fərmanla taksi fəaliyyəti üçün lisenziya və fərqlənmə nişanının verilməsi Nəqliyyat Nazirliyindən alınaraq ASAN Xidmətə həvalə olunub. Prezidentin sentyabrın 18-də imzaladığı digər fərmanla «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib.

Son xəbərlər
Digər xəbərlər