Bədəniniz bu zəngli saata nifrət edir.
Orqanizmimizin daxili saatları da mexaniki saatlar kimi yaxşı işləyir. Beyinin mərkəzində suprahiazmal nüvə adlanan sinir topası yerləşir ki, onlar orqanizmin nəzarətedici saatlarıdır. Bu saatlar yuxu periodunu və gümrahlığı təyin edir, qan təzyiqini, bədənin temperaturunu və zaman duyumunu idarə edir.
Mahiyyətcə, bizim bədənimiz ideal şəkildə qurulmuş bir mexanizmdir və bu mexanizm proqnozlaşdırmanı sevir: gündəlik ardıcıllıq olduqda bədənin fəaliyyəti daha effektiv xarakter alır. Beləliklə, bir neçə gün ərzində ardıcıl olaraq eyni saatda yatdıqda və oyandıqda daxili saatlar bu qrafik ilə işləməyə başalyır.
Yuxu-oyanma periodu PER zülalı ilə tənzimlənir. Zülalın səviyyəsi gün ərzində qalxır və enir. Bu zülal axşam saatlarında pik nöqtəyə çatır və gecə saatlarında enir. PER-in səviyyəsi aşağı olduqda qan təzyiqi aşağı düşür, nəbz yavaşlayır, fikirlər isə dumanlı hala çevrilir – siz yuxulu vəziyyət alırsınız.
Hər gün eyni saatda ayıldıqda, bədən lazımı vaxtda kifayət qədər miqdarda PER yaratmağı öyrənir. Oyanmaqdan təxminən 1 saat əvvəl PER zülalının səviyyəsi bədən temperaturu və arterial təzyiq ilə birgə yüksəlməyə başlayır. Oyanmaq stressinə hazırlaşmaq üçün bədən xeyli miqdarda stress hormonu – kortizol hazırlayır.
Məhz buna görə siz zəngli saatınızdan daha tez oyanırsınız. Əslində sizin bədəniniz bu zəngli saata nifrət edir – onun üçün belə qəfil oyanma stress, sarsıntıdır. Zəngli saat bədənin öz işini görməsinə mane olur – o bədənin daimi olaraq təbii yolla oyanmasına əngəl törədir.
Yeri gəlmişkən, əgər siz zəngli saatdan tez oyanmırsınızsa, demək ki, tam yuxunuzu almırsınız və yaxud qrafik üzrə yatmırsınız. Qrafiksiz bədəniniz nə vaxt oyanacağını bilmir, buna görə də, zəngli saat çaldıqda siz özünüzü çaşqın və narahat hiss edirsiniz.