Cənab Prezident İlham Əliyev tərəfindən ölkədə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, habelə ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində ardıcıl formada aparılan islahatların davam etdirilməsi məqsədilə 4 avqust 2016-cı il tarixində “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalanmışdır.
Bu Sərəncam ilə 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri təsdiq edilmişdir. Həyata keçiriləcək islahatlar ölkədə vergi ödəyicilərinin optimal gəlirliliyinin təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın stimullaşdırması, pərakəndə ticarətdə rəqabət mühitini daha da artıraraq vergi yükünün optimallaşdırılması və digər məqsədlər daşıyır.
Qeyd olunmalıdır ki, aparılacaq islahatlar sırasında ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamını gücləndirilməsi və vergitutma bazasını genişləndirməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması öz əksini tapmışdır.
Ümumiyyətlə beynəlxalq təcrübədə nağdsız ödənişlərə tələbin yaradılması və nağd iqtisadiyyatın azaldılması üzrə həyata keçirilən tədbirlər sitmullaşdırıcı və inzibati xarakter daşıyır.
Stimullaşdırıcı tədbirlər sırasında fiskal stimullar və vergi güzəştləri əsasən üstünlük təşkil edir.
Beynəlxalq təcrübədə ödəniş kartları ilə aparılan ödənişlər üzrə Əlavə Dəyər Vergisinin (ƏDV) azaldılması, bəzi malların alışı zamanı nağdsız hesablaşmalara görə aşağı ƏDV dərəcəsinin tətbiqi, ödəniş kartları ilə əməliyyatlar üzrə mənfəət vergisinin müəyyən hissəsinin geri ödənilməsi, bankomat və POS-terminalların idxalı zamanı gömrük rüsumundan azadolmalar, ödəniş terminallarının quraşdırılmasının subsidiyalaşdırılması kimi müxtəlif tədbirlər həyata keçirilir.
Eyni zamanda, aidiyyəti hökumət qurumları tərəfindən banklarla əməkdaşlıq çərçivəsində lotereyalar, bonus kompaniyaları kimi müxtəlif stimullaşdırıcı tədbirlər təşkil edilə bilər.
İnzibati xarakter daşıyan nağd ödənişlər üzrə maksimal məbləğin məhdudlaşdırılması, habelə bu tələbin pozulmasına görə cərimənin müəyyən edilməsi təcrübəsi bir çox ölkələrdə tətbiq edilir.
Beynəlxalq təcrübədə Avropa ölkələrindən Bolqarıstanda nağd qaydada aparılan ödənişlərin maksimal məbləği 15 min levə (10 min ABŞ dolları) bərabərdir. Fransada fiziki şəxslərin 3,0 min avrodan (3,3 min ABŞ dolları) yuxarı bütün ödənişləri yalnız nağdsız formada (çeklər, ödəniş kartları, bank köçürmələri) aparılmalıdır. Bu şərtin pozulmasına görə 15,0 min avro (1,7 min ABŞ dolları) cərimə nəzərdə tutulur. Hüquqi şəxslər üzrə hesablaşmalarda nağd ödənişlərin yuxarı həddi 1,1 min avrodur (1,2 min ABŞ dolları). Bu şərtin pozulmasına görə nağd ödənilən məbləğin 5%-i həcmində cərimə nəzərdə tutulmuşdur.
İtaliyada 1,0 min avrodan (1,1 min ABŞ dolları), İspaniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2,5 min avrodan (2,8 min ABŞ dolları) yuxarı bütün ödənişləri yalnız nağdsız formada aparılmalıdır. Rumıniyada isə hüquqi şəxslər tərəfindən gün ərzində nağd pul ilə həyata keçirilən bir əməliyyatların maksimum həcmi 1100 avro (1,2 min ABŞ dolları), gün ərzində bu cür əməliyyatların maksimum məbləği isə 2200 avro (2,5 min ABŞ dolları)təşkil edir.
Müstəqil Dövlətlər Birliyinə daxil olan Qazaxıstanda da hüquqi şəxslər arasında bir əqd üzrə nağd qaydada aparılan hesablaşmanın məbləğinin yuxarı həddi 1,98 mln. tenqe (6445 min ABŞ dolları) həcmində müəyyən olunmuşdur. Hüquqi şəxsin bir əqd üzrə nağd qaydada apardığı ödəniş bu məbləğdən artıq olduqda, ona ödənişin 5%-i həcmində cərimə tətbiq olunur.
Rusiya Federasiyasında isə hüquqi və sahibkar fiziki şəxslərin iştirakı ilə bir müqavilə üzrə nağd qaydada aparılan hesablaşmaların maksimal məbləği 100,0 min rubl (1,5 min ABŞ dolları) təşkil edir. Bundan artıq məbləğdə nağd hesablaşma aparıldıqda, vəsaiti ödəyənə qarşı 40,0 min rubldan (618 ABŞ dolları ) 50,0 min rubladək (773 ABŞ dolları) cərimə tətbiq edilir.
Beynəlxalq təcrübədən qeyd olunan nümunələr onu göstərir ki, nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması üzrə həyata keçiriləcək tədbirlər qarşıya qoyulan məqsədlərə çatmaqla yanaşı, birbaşa olaraq nağdsız ödənişlərin inkişafına, bank sektorunda əlavə likvid vəsaitlərin formalaşdırılmasına da öz müsbət təsirini göstərəcəkdir. Həyata keçiriləcək bu tədbirlər eyni zamanda elektron ödəniş alətlərindən istifadənin kütləviləşməsinə və yeni innovativ ödəniş həllərinin tətbiqinə əlverişli zəmin yaradacaqdır.
Müəlliflər,
Mərkəzi Bankın Milli Ödəniş Sisteminin inkişafı şöbəsinin rəisi R.Mahmudov,
Mərkəzi Bankın Milli Ödəniş Sisteminin inkişafı şöbəsinin böyük mütəxəssisi T.Rüstəmov.