Muxtar respublika əhalisinin 50,07 faizi, işləyən təbəqənin 39,23 faizi qadınların payına düşür.
Bunu Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.
O bildirib ki, təhsil sahəsində işləyənlərin 69,22 faizini, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin 81,70 faizini, istirahət, əyləncə – incəsənət sahəsində işləyənlərin isə 61,11 faizini qadınlar təşkil edir. Eyni zamanda, dövlət qulluğunda işləyənlərin 24 faizdən çoxu qadınlardır.
Komitə sədri əlavə edib ki, hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24,44 faizini qadınlar təşkil edir. Həmçinin, Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır: ” Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 10-u bələdiyyə sədridir. Muxtar respublikada Ali Məhkəmənin sədri, Ombudsman, komitə sədri və müavini, həmçinin icra başçısının müavinləri, hakim, vəkil və Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində çalışan qadınlarımız da vardır”.