Naxçıvan MR Dövlət Sığorta Xidməti ləğv edilib və aktivləri yenicə “Azərsığorta” şirkətinə ötürülüb.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
“Sığorta xidmətinin öhdəliklərin icrası ilə bağlı hüquqi bazaya baxılır. Qısa zamanda ətraflı məlumat veriləcək” – AMB sədri əlavə edib.
Xatırladaq ki, Naxçıvan MR Dövlət Sığorta Xidməti NMR Dövlət Sığorta Baş Agentliyi adı ilə 1994-2021-ci illərdə “Azərsığorta”nın tərkibində fəaliyyət göstərib. Agentlik 2021-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə “Naxçıvan MR Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsinə çevrilib. Ölkə ərazisində sığorta fəaliyyəti lisenziyalı fəaliyyət növüdür və bununla bağlı icazələr Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən verilir. Xidmət isə 2023-cü ilə kimi AMB-nin lisenziyası olmadan fəaliyyət göstərib. Bu məsələnin gündəmə gəlməsi ilə Naxçıvan MR Ali Məclisi bu il mayın 3-də Xidmətin ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb. Xidmət fəaliyyətdə olduğu dövrdə sığorta portfeli ilə bağlı hər hansı məlumat açıqlamadığı üçün öhdəliklərin həcmi məlum deyil.