Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın təsdiq edilməsi barədə sərəncam verib.
Banker.azın APA-ya istinadən verdiyi məlumata görə, sərəncamda qeyd edilib ki, elektron ödəniş xidmətlərinin tətbiqi təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə xidmət edir.
2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması” üzrə Tədbirlər Planının icrası nağdsız ödənişlərin həcminin artırılması, əhatə dairəsinin, eləcə də elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsində mühüm rol oynayıb. Görülmüş tədbirlər nəticəsində nağdsız ödənişlərin həcmində ilbəil artım olub, dövlət sektorunda əmək haqlarının ödəniş kartları vasitəsilə ödənilməsi prosesi başa çatdırılıb. Tədbirlər Planının icrası nəticəsində 2016-cı ilin 1 yanvar tarixinə muxtar respublika ərazisində 500 ədədi Naxçıvan şəhərində, 544 ədədi rayon və kənd mərkəzlərində olmaqla, cəmi 1044 ədəd POS-terminal mövcud olub. Bu, 2014-cü illə müqayisədə 4 dəfə çoxdur. 2016-cı ilin 1 yanvar tarixinə muxtar respublika ərazisində 55-i Naxçıvan şəhərində, 43-ü isə rayon və kənd mərkəzlərində olmaqla, ümumilikdə, 98 ədəd bankomat quraşdırılıb.
“2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın məqsədi isə müasir elektron ödəniş xidmətlərinin tətbiqi, nağdsız hesablaşmaların genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir. Proqrama əsasən 2016-2018-ci illərdə Təhsil və Səhiyyə nazirlikləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi, ali təhsil müəssisələri, Rabitə və Yeni Texnologiyalar Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqlarının bank, poçt və “Hökumət Ödəniş Portalı” vasitəsilə ödənilməsini, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi pərakəndə ticarət və ictimai iaşə müəssisələrində nağdsız ödənişlərin təşviqi məqsədi ilə banklar tərəfindən müxtəlif güzəştlərin tətbiq edilməsini, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi, Sahibkarlar Konfederasiyası xzəl sektorda işçilərin əmək haqlarının nağdsız formada (ödəniş kartları ilə) ödənilməsinin təşviq edilməsini təmin etməlidirlər.
Sərəncama əsasən Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat vermək tapşırılıb.