“Məhdud resurslarla qida təhlükəsizliyinin təmini üçün fermerlərə rəqəmsal xidmətlər ödənişsiz olmalıdır”.
Bunu Bakıda keçirilən rəqəmsal kənd təsərrüfatı üzrə beynəlxalq konfransda İsrailin kənd təsərrüfatı naziri Yakob Poleq deyib.
O bildirib ki, 2050-ci ilə kimi dövlətlər qida təhlükəsizliyi ilə bağlı cidd problemlərlə üzləşəcək. Bu problemlərin qarşısını almaq üçün fermerlərin fəaliyyəti effektiv olmalıdır. Lazımi qərarlar üçün fermerlərin dəqiq və etibarlı informasiyaya ehtiyacı yaranır. Ona görə də qida səmərəliliyinin təmini üçün real vaxt rejimində fermerlərin bu məlumatlara əlçatanlığı təmin edilməlidir. Dövlət bu sahədə vizyona sahib olmalı, fermerlər informasiya texnologiyalarının iqtisadi səmərəliliyini görməlidir.
Y. Poleq məhdud resurslarla kənd təsərrüfatının inkişaf etdirilməsinə nümunə olaraq İsrail təcrübəsini qeyd edib: “İsrail kimi bir hissəsi yarımsəhra olan, iqlim şəraiti əlverişli olmayan ölkədə kənd təsərrüfatının inkişafı üçün ağıllı idarəetmə önəmlidir. Eyni zamanda, fermerlərin “big data”ya, lazımı məlumatlara əlçatanlığı təmin edilməlidir və biz bunu edirik. İsraildə yağış sularından, gübrələrdən istifadə, meteroloji məlumatlardan istifadə və digər məsələlərlə bağlı məsləhət xidmətləri fermerlər üçün ödənişsizdir. Kənd təsərrüfatı ilə əlaqəli dataları təhlil edən mərkəzlər fermerlərə üzləşdiyi çətinliklərin aradan qaldırılmasına yardım edir”.