2 C
Baku
Thursday, January 15, 2026

Nazir: 5G texnologiyaları Türkiyəni rəqəmsal transformasiya sahəsində lider ölkələr sırasına çıxaracaq

Beşinci nəsil simsiz mobil rabitə texnologiyasının (5G) tətbiqi üzrə keçirilən tender Türkiyənin dövlət xəzinəsinə 3 milyard 534 milyon Amerika Birləşmiş Ştatları dolları gəlir gətirib.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada jurnalistlərə açıqlamasında bildirib.

Nazir xatırladıb ki, ötən il oktyabrın 16-da keçirilən tenderdə ölkənin üç aparıcı telekommunikasiya şirkəti – “Turkcell”, “Vodafone” və “Türk Telekom” iştirak edib.

“2026-cı il aprelin 1-dən etibarən 5G xidmətlərinin istifadəyə verilməsi planlaşdırılır, sonrakı iki il ərzində isə beşinci nəsil şəbəkə ilə Türkiyənin bütün ərazisini əhatə etməyi nəzərdə tuturuq”, – deyə A.Uraloğlu qeyd edib və ilkin mərhələdə bu xidmətlərin İstanbul, Ankara və İzmir kimi iri şəhərlərdə əlçatan olacağını vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə hökuməti ölkə həyatının bütün sahələrində yerli texnologiyalardan istifadəyə üstünlük verir.

Nazir əminliyini ifadə edib ki, 5G qurğularının son dərəcə yüksək ötürmə qabiliyyəti Türkiyəni rəqəmsal transformasiya sahəsində lider ölkələr sırasına çıxaracaq.

“5G, eyni zamanda, istehsal potensialını, xidmətlərin keyfiyyətini və ölkənin texnoloji rəqabət qabiliyyətini artıran inkişaf üçün stimuldur”, – deyə A.Uraloğlu bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər