9 C
Baku
Monday, November 18, 2024

Nazir müavini: “ƏDV dərəcələrinin diferensiallaşdırılması ilə bağlı ortaq fikrə gələ bilməmişik”

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun müsahibəsi:

– Xarici investorların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakda marağı necədir?

– Bugünədək 1 500-ə yaxın investor Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib, onların arasında xarici investorlar da var. Lakin azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi hamıya icazə verməyə imkan vermir. Amma 100-ə yaxın sahibkar artıq fəaliyyətə başlayıb.

Ümumiyyətlə, maraq böyükdür. Lakin ərazilər minalardan təmizləndikdən sonra əhali ilk növbədə öz doğma yurdlarına qaytarılmalıdır ki, onlar yaradılan istehsal sahələrində işləyə bilsinlər. Bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Qeyd etmək lazımdır ki, işlər çox yüksək templə aparılır və bunu Prezident İlham Əliyevin kəndlərin, istehsal və xidmət müəssisələrinin təməlinin qoyulduğu Laçına sonuncu səfəri də təsdiqləyir.

Son üç ildə Qarabağın infrastrukturunun bərpasına 6.5 ​​milyard manatdan çox büdcə vəsaiti yönəldilib. Bu il Qarabağda və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsinə xərclər daha 2.26 milyard manat (daha əvvəl 3 milyard manat nəzərdə tutulmuşdu – red.) artırılıb.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət üçün həm yerli, həm də xarici investorlar 10 il müddətinə bütün vergilərdən azad edilir. Bu, böyük üstünlükdür.

– Ölkədə yaradılan sənaye parkların fəaliyyəti nə dərəcədə səmərəlidir?

– Sənaye parkları, aqroparklar – bunlar Azərbaycanın gələcəyidir. Aqroparklarımızda bir hektarda istehsal olunan məhsulların həcmi digər təsərrüfatlara nisbətən təxminən 2 dəfə çoxdur.

– Hazırda Vergi Məcəlləsinə 2024-cü ildən qüvvəyə minəcək dəyişikliklər hazırlanır. Əvvəlki illərdə olduğu kimi, iş adamlarına ikiqat vergitutmadan azad olmağa imkan verəcək ƏDV dərəcələrinin diferensiallaşdırılması yenə müzakirə mövzusudurmu?

– Uzun illərdir ƏDV dərəcəsinin diferensiallaşdırılması ilə bağlı söhbətlər gedir, amma bu, çox ciddi məsələdir. İlkin zərurət malları – ərzaq, dərmanlar, uşaq qidaları və s. üçün əlavə dəyər vergisinin differensiallaşdırılması məsələsi müzakirə olunub.

Bu məsələ müzakirə olunur, lakin hələlik ortaq fikrə gələ bilməmişik və bununla bağlı razılaşdırılmış konkret rəy yoxdur.

– Ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində hansı vergi islahatları gözlənilir?

– Uzun illər nağdsız ödənişlərdən istifadənin vəziyyətindən danışılırdı, amma işlər ləng gedirdi. Maraqlıdır ki, pandemiya dövründə insanlar bu ödəniş növünə daha çox üstünlük verməyə başladılar. Sevindirici haldır ki, son illər nağdsız ödənişlərin həcmi davamlı olaraq artır. ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında qərar qəbul olunandan sonra vəziyyət yaxşıya doğru daha da dəyişdi. Belə ki, bu ildən başlayaraq nağdsız ödənişlər zamanı artıq ƏDV məbləğinin 15 % yox, 17.5 %-i geri qaytarılır. Nağd ödənişlər üçün isə bu göstərici 5 % (əvvəl 10 % idi) təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər