Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) imtina edilməyib.
SPA agentliyinə istinadən, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib. Nazir “Aramco”nun IPO-sundan imtina edildiyi iddialarını təkzib edib.
“Səudiyyə Ərəbistanı uyğun şərtlər və hökumət tərəfindən təyin olunacaq vaxta görə “Aramco”nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsində qərarlıdır”, – deyə o bildirib.
Qeyd edək ki, “Aramco”nun səhmlərinin satışının bu ilin ikinci yarısında olması planlaşdırılırdı. “Aramco”nun IPO-sunun ilk olaraq Səudiyyə Ərəbistanı “Tedavul” birjasında, sonra isə Nyu-York, London, Honq-Konq və ya Tokio birjalarında əməliyyata başlaması gözlənilir. “Aramco”nun səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. Şirkətin bazar dəyərinin təxminən 2 trilyon dollar olması gözlənilir. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple”i geridə qoyması nəzərdə tutulur.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi çalışır.
– AzərTac