“Bizim məqsədimiz taksilərin sayını azaltmaq yox, taksi gedişlərinin sayını azaltmaqdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, taksi aqreqatorları artıq onlarla məlumatlarını bölüşürlər: “O məlumatlara baxanda görürük ki, taksi gedişlərinin çoxu 1.5-3 km olan məsafəyədir. Hansı ki, bu məsafəni ya ayaqla getmək olar, ya da ictimai nəqliyyatla. Biz əhaliyə yaşadığı yerlərdən ictimai nəqliyyatın keçməsini təmin edə bilərik. Bakı şəhərinin mərkəzində bu kimi gedişlərin çox olduğunu görürük. Təxminən 67 min taksi bu gün Bakı şəhərində fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-15 saatdır. Həmin işçilərin iş saatlarının azaldılması, bazarda qiymətlərin müəyyən qədər tənzimlənməsi hesabına onlar nə gəlirlərindən, nə də işlərindən məhrum olacaqlar”.