“Pandemiya şəraitinin ölkəmizin ərzaq təhlükəsizliyi göstəricilərinə müsbət və mənfi yöndə birbaşa təsirləri yoxdur”.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.
F.Fikrətzadə qeyd edib ki, kənar mənbələrdən əsas asılılıq buğda ilə bağlıdır:
“Bizim kənd təsərrüfatı məhsulları ilə təminatımızı xarakterizə edən əsas baza şərtləri var ki, burada yüz faiz təminat və mütamadi olaraq idxal etdiyimiz məhsullar qruplaşdırılıb. Bu baxımdan kənd təsərrüfatı məhsulları arasında buğdadan asılılığımız kənar mənbələrdəndir. Digər məhsullar üzrə istehsal məqbul səviyyədədir. Bu il də kənd təsərrüfatında ümumi istehsal göstəricilərində artım tempi var.
Kartof, meyvə-tərəvəz istehsalı yüksəkdir, ət-süd istehsalında göstəricilər yüksələn dinamika ilə davam edir”.
Direktorun sözlərinə görə, builki quraqlıq səbəbindən buğda istehsalında azalma var:
“Yalnız böyük həcmdə idxal etdiyimiz ərzaq buğdadır. Hər il orta hesabla 1,4 milyon ton buğda idxal edirik. Bu il quraqlıqla bağlı buğdanın istehsal göstəriciləri ötən illə müqayisədə aşağı düşüb. Buna görə də yaradılmış taxıl saxlanma anbarları infrasturkturu hesabına lazımi həcmdə ehtiyacımızı idxal mənbələrilə təmin edəcəyik. İdxal mənbələrinə təchizatda xüsusi narahatlıq yoxdur, mövsüm başlayıb. Lazım olan səviyyədə taxıl idxal edəcəyik”.
Nazirlik rəsmisi qeyd edib ki, pandemiya şəraitinin ərzaq təhlükəsizliyinə təsiri baxımınan ciddi mənfi nəticələri yoxdur:
“Dünya bazarında pambığın qiyməti əlverişsiz olduğu üçün pambıq ixracı azaldı. Amma ərzaq məhsullarının artım göstəriciləri davam edir. Məhsulların toplanması, tədarükü və bazara çatdırılması müvafiq karantin rejimi qaydalarına uyğun olaraq sərbəst şəkildə təmin edilir. Ölkəmizin ərzaq təhlükəsizliyilə bağlı xüsusi narahatlıq yoxdur. Özümüzün yerli istehsalımız normaldır, idxal mənbələri hesabına təminatımız ehtiyat və emal infrastrukturumuz kifayət qədərdir”.