Nazirlik xarici bankların plastik kartlarından ƏDV tutmayacaq
Xarici banklara məxsus plastik kartlar vasitəsilə elektron ticarət qaydasında iş və xidmət alınan zaman aparılan ödənişlərdən verginin tutulması Vergi Məcəlləsində nəzərdə tutulmayıb. Bunu agentliyin sorğusuna cavab olaraq Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildiriblər.
Qurumun açıqlamasında deyilir ki, elektron ticarət qaydasında qeyri-rezidentlərdən alınan xidmətlərə görə ƏDV yalnız Azərbaycanda qeydiyyatda olan bankların kartlarından tutulacaq: “Azərbaycanda daimi nümayəndəliyi olmayan qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman ƏDV alıcının yerli bank, xarici bankın Azərbaycandakı filialı və poçt rabitəsinin milli operatorunda açılmış hesabından tutulur”.
Eləcə də bax: Hər bir şirkətin Biznes Analitikasına investisiya etməli olduğunu göstərən 10 səbəb
Müştərinin kartındakı pul mal və verginin tam ödənilməsinə kifayət etməlidir
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirir ki: “Elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda hotel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə qeyri-rezidentin göstərdiyi xidmətlərdən ƏDV hesablanmır”.
“Report”un “Əgər vətəndaşın hesabında pulun məbləği 100 ABŞ dolları olduğu və almaq istədiyi mal və xidmətin məbləği həmin həcmdə olduğu halda, ƏDV necə tutulacaq?” sualına cavabında bildirlib ki, vətəndaşın kartında kifayət qədər vəsait olmalıdır: “Elektron ticarət qaydasında malların alışı istisna olmaqla, şəxsin hesabında elektron ticarət qaydasında alınan iş və xidmətlərin dəyəri və həmin dəyərə mütənasib hesablanmış vergi məbləğlərinin ödənilməsinə kifayət edəcək qədər vəsait mövcud olmalıdır”.
Qurumun açıqlamasında deyilir ki, müştəri alınan malların siyahısını yaxud çeşidini alış-veriş etdiyi onlayn platformadan əldə edilə bilər: “Elektron ticarət qaydasında alınan iş (xidmət) və mallar banklar tərəfindən aparılan əməliyyatlar üzrə texniki məlumatlara əsasən müəyyənləşdiriləcək”.