2019-cu ilin 1 yanvar tarixinə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 736 min 551 nəfərə çatıb.
Banker.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu barədə yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 169 min 806 nəfər və ya 4,8 faiz artıb.
Fərdi uçot sistemində açılan fərdi hesab sığortaolunanın gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatları özündə əhatə etməklə, vətəndaşa sosial sığorta sistemində iştirak etmək və öz gələcək pensiya təminatı üçün kapital toplamaq imkanı verir. Sosial sığorta ödənişləri nəticəsində öz fərdi hesabında pensiya kapitalını mütəmadi olaraq artıran şəxs bununla gələcəkdə ona təyin ediləcək pensiyanın məbləğini də artırmış olur. Pensiya qanunvericiliyinə əsasən, hər ilin əvvəlində pensiyalarla yanaşı, sığortaolunanların fərdi hesablarındakı sığorta kapitalı da indeksləşdirilərək artırılır.
Vətəndaşlar “e-sosial” internet portalında özlərinə aid müxtəlif məlumatlarla yanaşı, “Fərdi şəxsi hesab” bölməsi vasitəsilə hesablarındakı pensiya kapitalı barədə də məlumat əldə edə bilirlər.