16 C
Baku
Friday, April 19, 2024

Nazirlik şikayətlərə baxılmasını operativləşdirəcək

Sığorta məsələləri ilə bağlı daxil olan müraciətlərə baxılması işinin operativliyini, keyfiyyətini və səmərəliliyini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq, DSNX-nin rəsmi internet saytının “Məktub yazmaq” bölməsinə xüsusi proqram təminatı tətbiq edilmiş və 25.05.2015-ci il tarixdən tam funksionallığı təmin edilmişdir.

Bu barədə Banker.az saytına məlumat daxil olub.

Bu proqram təminatı vasitəsilə DSNX-yə elektron qaydada ünvanlanan şikayət xarakterli müraciətlərin eyni zamanda, DSNX-nin şikayətlə bağlı məlumat və sənədlərin təqdim edilməsi barədə məktubu ilə birlikdə avtomatik olaraq müvafiq sığorta şirkətinin də e-ünvanına göndərilməsi təmin olunur. Qeyd olunan proqram təminatının tətbiqi şikayətlərə baxılması proseduru üçün tələb olunan müddətin xeyli azalmasına imkan verir.

Saytda tətbiq olunan yeni imkandan yararlanmaq üçün “Məktub yazmaq” bölməsinə daxil olmaq və ardıcıl təklif olunan əməliyyatları yerinə yetirmək lazımdır. Müraciət ünvanlayan şəxs sığortaçıdan şikayətçidirsə, “şikayət” sətrini, növbəti addımda isə şikayətçi olduğu sığorta şirkətinin adını seçməli və şikayətini müvafiq pəncərədə yerləşdirməlidir. Şikayət göndərildikdən sonra istifadəçinin e-ünvanına şikayətin qəbul olunması barədə məlumat göndərilir.

DSNX-yə sayt vasitəsilə elektron qaydada daxil olan şikayət qeydiyyata alınmaqla nəzarətə götürülür və qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırılır. Araşdırmanın nəticəsi barədə şikayətçiyə rəsmi məktub, həmçinin e-ünvanına həmin məktubun müvafiq formatda elektron surəti göndərilir.

İstifadəyə verilən yeni texniki imkan müraciətlərə daha qısa müddətdə baxılmasını təmin etməsi ilə əlaqədar, müraciətlərin DSNX-yə sayt vasitəsilə elektron qaydada ünvanlanması tövsiyə olunur.

Son xəbərlər
Digər xəbərlər