ABŞ-da prezident Donald Trampın Kremllə əlaqələri bağlı başladılan “Rusiya işi” ilə əlaqədar iki il ərzində keçirilən 200-dən çox dinləmədən sonra Senatın kəşfiyyat üzrə komitəsi heç bir birbaşa sübut tapa bilməyib.
“NBC News” telekanalı həm respublikçılar, həm də demokratlar arasındakı qaynaqlarına istinadən belə bir məlumat yayıb.
Onların hesablamalarına görə, Donald Tramp və onun müttəfiqləri 2017-ci ilin yavarında keçirilən andiçmə mərasiminə qədər rusiyalılarla azı 100 dəfə ünsiyyətdə olublar. Lakin bundan başqa hər hansı bir dəyərli dəlil ələ keçməyib.
Senatın kəşfiyat üzrə komitəsinin sədri Riçard Berr də “CBS News” kanalına verdiyi müsahibədə ABŞ prezidenti ilə Rusiya hakimiyyəti arasında hər hansı qeyri-qanuni bir əlaqənin mövcudluğu barədə sübut olmadığını söyləyib.
Lakin demokratlar hələ də xüsusi prokuror Robert Müllerin və onun təhqiqatçılarının yeni və “daha partlayışlı sübutlar” gətirə biləcəyinə inanırlar.
Hətta demokrat senator və prezidentliyə namizəd Elizabet Uorren Trampın 2020-ci ili həbsxanada keçirə biləcəyi ehtimalını irəli sürüb.
“İki ildən çoxdur ki, bununla bağlı təhqiqatı yürüdən R.Müller hələ də nə isə edə bilər. Amma onun da araşdırması başa çatmaq üzrədir”,-deyə NBC kanalının reportajında bildirilib.