Neft qiymətləri çərşənbə günü erkən ticarətdə ardıcıl dördüncü sessiyada yüksəlib və Yaxın Şərqdə yeni hücumların təchizatla bağlı narahatlıqları artırması fonunda 1 dollardan çox bahalaşıb.
Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə 06:12-də 1,4% artaraq bir barel üçün 99,33 dollara, ABŞ-ın WTI nefti isə 1,4% yüksələrək 94,34 dollara çatıb.
Brentin qiyməti avqustun əvvəlindən etibarən dörddə bir artıb. Altı aydır davam edən müharibənin daimi həllinə dair ümidlərin azalması və döyüşlərin yenidən intensivləşməsi fonunda qiymət 100 dollar/barel səviyyəsinə yaxınlaşır.
Çərşənbə axşamı Yaxın Şərqdə müharibə daha da şiddətlənib. İrana bağlı Yəmən husiləri Səudiyyə Ərəbistanının bir neçə şəhərinə zərbələr endirib. ABŞ qüvvələri bir neçə İran neft tankerini vurub, İran isə İordaniyadakı ABŞ bazasını hədəfə alıb.
“Son hadisələr sülh danışıqlarının bərpasından hələ uzaq olduğumuzu göstərir. Bu arada bazar əhəmiyyətli risk mükafatını qiymətlərə daxil etməyə davam edə bilər”, – ING analitikləri bildiriblər.
Yeni hücumlar Yaxın Şərqdən neft tədarükündə onsuz da enerji infrastrukturuna və əsas gəmiçilik marşrutlarına zərbələr səbəbindən yaranmış fasilələri daha da dərinləşdirə bilər.
OCBC analitiklərinin sözlərinə görə, İranın Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları və ardınca beş İran tankerinin məhv edilməsi neft tədarükündə daha uzunmüddətli fasilələrlə bağlı narahatlıqları artırıb.







