Dünyanın ən iri treyderləri neftin qiymətində ciddi artım gözləmir.
“Sinqapurda keçirilən Asiya-Sakit Okean neft konfransında çıxış edən “SOCAR Trading SA” şirkətinin rəhbəri Arzu Əzimov bildirib ki, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər 2014-cü ildən (neft ucuzlaşmağa başlayandan) etibarən milyardlarla dollar həcmində investisiyalardan imtina edib.
“Problem ondadır ki, qiymətlər artmağa başlayan kimi, ABŞ şirkətləri hasilatı artırmağa başlayır. Buna görə, qiymət diapazonu 40-50 dollar, maksimum 55 dollar ətrafında dəyişir”, – deyə A. Əzimov qeyd edib.
Əksər treyderlər bildirir ki, bazarda yaxın 6 ay ərzində balans qorunmayacaq. Buna səbəb kimi İran və Səudiyyə ərəbistanı kimi istehsalçıların hasilatı artırması, o cümlədən ABŞ-dakı “şist qaz bumu” göstərilir.
“Böyük ehtimalla, neftin qiyməti təxminən 2 il hazırkı səviyyədə qalacaq”, – deyə “Abu Dhabi Investment Authority” şirkətinin baş iqtisadçısı Kristof Ruel bildirib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hasil olunan neftin böyük əksəriyyəti “Abu Dhabi Investment Authority” şirkətinin payına düşür. Şirkət OPEC tərkibində dördüncü ən iri hasilatçıdır.