10 C
Baku
Wednesday, December 11, 2024

Neft böhranı Azərbaycana necə təsir edəcək? – Proqnoz

“Dekabr ayında hətta neftin orta qiyməti 60 dollardan bir qədər aşağı düşsə belə, Azərbaycan hökuməti ümumən qarşısında duran proqnoz göstəriciləri tam şəkildə yerinə yetirmiş olacaq”.

Bu sözləri iqtisadçı ekspert İlham Şaban son günlər neftin qiymətinin durmadan aşağı düşməsi və bunun Azərbaycana təsirlərindən danışarkən bildirib.

Ekspertin fikrincə, neftin qiymətinin ilin ikinci yarısından sürətlə düşməsi faktiki olaraq büdcədə hiss edilməyəcək:

“Neftin qiymətinin düşməsinin Azərbaycana təsirindən danışarkən biz iki məsələyə diqqət yetirməliyik: azalmanın Neft Fonduna və büdcəyə mənfi təsiri. Bu ilin büdcəsində neftin orta ixrac qiyməti 100 dollardan proqnoz edilib. Və 11 ayın yekunlarına görə, Neft Fondunun yaydığı məlumata əsasən, Azərbaycan neftinin orta ixrac qiyməti 105,6 dollar təşkil edib. Bu o deməkdir ki, dekabr ayında hətta neftin orta qiyməti 60 dollardan bir qədər aşağı düşsə belə, Azərbaycan hökuməti ümumən qarşısında duran proqnoz göstəriciləri tam şəkildə yerinə yetirmiş olacaq. Neft sektorundan alacağı proqnoz tam şəkildə yerinə yetiriləcək. Ancaq bir şeyə diqqət çəkmək istərdim ki, artıq ilin 10 ayında Dövlət Neft Şirkətinin büdcə qarşısında ödəmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18%-dən çox yerinə yetirilmişdi, yəni SOKAR illik planı faktiki doldurmuşdu. Neft Fondundan büdcəyə transfertlər isə stabildir, burada bir problem yoxdur. Ona görə də bu il üçün neftin qiymətinin ilin ikinci yarısından sürətlə düşməsini faktiki olaraq büdcə hiss etməyəcək”.

Ekspert neftin qiymətində durmadan davam edən ucuzlaşmanın Neft Fonduna təsirlərindən də danışdı. İ.Şaban qeyd etdi ki, bunun üçün bir qədər araşdırmaya ehtiyac var:
“Bu il üçün Neft Fondunun gəliləri neftin 1 barelinin orta qiymətinin 100 dollardan proqnozu əsasında hesablanıb. Bu o deməkdir ki, ilin sonunda ümumən Neft Fondunun gəlirlərində də elə bir ciddi fərq gözlənilməyəcək. Çünki faktiki olaraq proqnoz göstəricilərinə əməl olunur. Bəs praktika nəyi göstərir? Proqnoza əsasən, 2014-cü ildə Neft Fondunun gəlirləri 11 mlrd 626 mln 943,4 manat məbləğindədir. Bunun 11 mlrd 221 mln 286,4 manatı mənfəət nefti və qazının satışından əldə edilən gəlirlərdir. Yəni Fondun 97% gəliri məhz karbohidrogenlərin satışından formalaşır. Bu ilin 9 ayının yekunlarına görə, Fonda 10 mlrd 131 mln 900 min manat vəsait daxil olub ki, bunun da 9 mlrd 947 mln 800 mini karbohidrogenlərin satışından əldə edilən gəlirlərdir. III rüb ərzində Fondun gəlirlərini, əgər neftin orta hesabla 40%-ə qədər ucuzlaşmasını nəzərə alsaq, 2 mlrd manatdan az olmamalıdır. Bu isə o deməkdir ki, Fondun gəlirləri bu ildə proqnoz göstəricilərindən yüksək olacaq. Nədən belə bir nəticə alınır: ona görə ki, “Azəri-Çıraq-Günəş”li yataqlarında bu ildə iki platforma modernizasiya ilə bağlı hasilatı dayandırmalı idilər, ancaq bunun əvəzində dayanma bir platformada oldu – hasilat göstəriciləri proqnozu üstələdi”.

Qeyd edək ki, Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Nyu Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 2,79 dollar ucuzlaşaraq 63,05 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,88 dollar azalaraq 66,19 dollar olub.

Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 2,33 dollar ucuzlaşaraq 67,65 dollar təşkil edib.

Axar.az

Son xəbərlər
Digər xəbərlər