Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Banker.az bu barədə Palatanın mətbuat xidmətinə istinadən xəbər verir ki, videoiclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin 2019-cu ildə icrası ilə bağlı illik hesabata Hesablama Palatasının rəyi müzakirə olunub. Kollegiya tərəfindən ARDNF-in 2019-cu il büdcəsinin icrası barədə illik hesabatın layihəsi məqbul hesab edilərək Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb.
İclasda 2020-ci ilin iş planının icra vəziyyəti müzakirə edilib, pandemiya şəraitinin təsirləri qiymətləndirilib və cari ilin İş planına dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunub.
Kollegiya, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə auditor hesabatını müzakirə edib. Auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş olunmuş nöqsanlarla bağlı materialların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.