Neft Hörmüz boğazı ilə bağlı açıqlamalardan sonra ucuzlaşmağa davam edir

ABŞ prezidenti Donald Trampın İranla mümkün sülh razılaşmasına dair eyhamlarından sonra neft qiymətləri ikinci gündür ardıcıl olaraq enir. Brent markalı neftin bir bareli $107,98-ə, ABŞ-ın WTI markalı nefti isə $100,44-ə düşüb.

Bir gün əvvəl Donald Tramp Hörmüz boğazında gəmilərin müşayiəti üçün həyata keçirilən “Azadlıq Layihəsi” əməliyyatının qısamüddətli dayandırıldığını elan edib. Onun sözlərinə görə, qərar İranla sülh sazişinin bağlanması imkanını qiymətləndirmək məqsədilə qəbul olunub.

Agentliyin sorğuladığı analitiklərin fikrincə, sülh müqaviləsi ehtimalı investorlarda ticarət axınlarının tezliklə bərpa olunacağına dair ümid yaradır.

“Reuters” xatırladır ki, ABŞ-da xam neft ehtiyatları ardıcıl üçüncü həftə azalaraq son həftədə 8,1 milyon barel aşağı düşüb. Ekspertlər xəbərdarlıq edirlər ki, tədarüklərin tam sabitləşməsinə gedən yol uzun olacaq, çünki regiondakı vəziyyət qeyri-müəyyən olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər